

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il
ötür. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq
məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai
həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı,
ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz
böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə
edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər
mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından
elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli
lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il
qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa
uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri
sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün
fundamental əsaslar yaratmışdır. Ümummilli Liderin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın
hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də inkişaf
prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının
yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli Liderin möhtəşəm
fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-
cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenicə
müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik,
dinamik inkişaf yoluna qədəm qoymuşdur.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyən Heydər Əliyev həyatının
mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf
duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta
zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bu günkü nəsl belə bir
şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu
dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq
imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan
çıxmışdır. Bu gün ulu öndərimizin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru