

2003-cü ilin 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Ümummilli liderimiz
Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Həmin gündən hər il bu böyük dövlət
xadiminin Anım günü nəinki Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla
yad edilir. Ulu Öndərin fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı
öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə
deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək ONUN məzarını ziyarət edir, ruhu
qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik
ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç
zaman unudula bilməz.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk
öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi
vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat
adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri
olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin
tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya,
hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin
yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri
kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri
təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində
onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib,
təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə
müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər
Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər
birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20
faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20
Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın
iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində
bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında
xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası
keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın
üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq
səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı.
Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını
təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç
bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti,
məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün
ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız
haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə
edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə
fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos
baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı.
İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək,
sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir
məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.
İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında
həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin
təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu
çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq
hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu müdrik sərkərdənin
komandanlığı ilə idarə olunur.
1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının
müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən
komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil
Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin
döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin -
C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü
mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi
demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir
məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".
İndi Azərbaycan xalqı Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli
davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir. Təsadüfi deyil ki, ömrünün son
günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində
İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın
köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".
Bəli, məhz Azərbaycanın qüdrətlənməsi, işğaldakı torpaqlarımızın azad edilməsi kimi
əhəmiyyətli işləri ləyaqətlə yerninə yetirən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ulu
Öndərin etimadını doğruldaraq xalqımsızın adını tarixin qürurverici səhifələrinə həkk etdi.
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan dövləti nəinki regionun, hətta Avropanın ən
güvənilə biləcək bir tərəfdaşına çevrilib.
Gülbəniz Dadaşzadə,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman idarəsi Maliyyə-iqtisadiyyat
sektorunun məsləhətçisi