isaznow.com
Az Iw En Ru

10 dekabr 2020-ci il - Unudulmaz tarix

Qarabağ Azərbaycanın 30 ilə yaxın bir müddətdə yaşadığı ən ağrılı, acılı problemi olmuşdur.
Təəssüf ki, bu illər ərzində münaqişənin siyasi masada həllinə çalışılmasına, Azərbaycan tərəfinin
müvafiq qətnamələrin qəbul etdirilməsinə nail olmasına baxmayaraq, danışıqlar heç bir nəticə
vermirdi. Hər zaman məsələyə dözüm və səbrlə yanaşılması düşməndə fərqli düşüncələrə, hərisliyə
yol açırdı. 2020-ci ildə baş tutmuş 44 günlük Vətən müharibəsi hər kəsə sübut etdi ki, lazım gəldikdə
Azərbaycan dövləti xalqın birliyi, Ordusunu gücü sayəsində məsələnin həllinə qadirdir.
I Qarabağ müharibəsində minlərlə şəhid verdik, 1 milyon soydaşımız dədə-baba torpağından
didərgin salındı. Bu illər ərzində müstəqilliyini yeni qazanmış Azərbaycan hər sahədə gücləndi və
dünya dövlətləri arasında nüfuz qazandı. Müasir silahlara sahib güclü ordu formalaşdırdı. Şanlı
Zəfərimizə 44 gün ərzində nail olmamız Qarabağ ədalətini gücümüz müqabilində bərqərar etməyi
bacardığımızı dünyaya göstərdi. Zəfər yolumuzun möhtəşəmliyi dünya hərb tarixinə yazıldı və bu gün
öyrənilməkdədir. 2020-ci il dekabr ayının 10-da Müzəffər Ordumuzun şücaəti, fədakarlığı sayəsində
qazandığımız Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.
Müharibənin başladığı ilk saatlardan Türkiyə Azərbaycana mənəvi dəstək göstərdi. Günlərlə
cəbhədən gələn qələbə xəbərləri bizlərlə bərabər qardaş dövlətdə də həyəcanla gözlənilirdi. Nəhayət,
ordumuzun gücü, əzmi qarşısında dayanmağı bacarmayan Ermənistan dövləti məğlubiyyətini etiraf
etməyə məcbur qaldı. Xalqımız noyabrın 10-da baş tutmuş bu məğlubiyyət etirafını dekabrın 10-da
təntənəli şəkildə qeyd etdi. “Dəmir yumruq” adlandırılan əməliyyatın nəticəsi kimi Bakının Azadlıq
meydanında Qələbəyə həsr olunmuş Zəfər paradı xalqımız üçün unudulmaz günlərdən oldu.
Zəfər sevincimizi bizimlə bölüşməyə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğan və xanımı Əminə Ərdoğan da dəvət olunmuşdular. Ümummilli Lider Heydər Əliyevin
söylədiyi kimi “Bir millət, iki dövlət” şüarı hər zaman dövlətlərimiz arasında dostluğu, qardaşlığı
dünyaya nümayiş etdirmişdir.
Paradda Ordumuzu təmsil edən 3000 nəfərdən artıq şəxsi heyət iştirak edirdi. 150-dək hərbi
texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya
qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlərin nümayişi Ordumuzun
gücünü göstərirdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərin
bir qismi də nümayişi düşmənə verilən mesaj idi.
Paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan hərbi heyət qarşısında çıxış etdilər. Dövlət
başçılarının çıxışlarından sonra Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan
Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən
müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləməsi, Dövlət bayrağı və Zəfər bayrağının
ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilməsi hər bir
azərbaycanlını qürurlandıran, unutmayacağı anlar idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının sonunda söylədiyi bu
kəlmələr 30 illik Qarabağ həsrətinin bitdiyi barədə düşmənə və onun havadarlarına mesaj idi: “Hər
kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.
Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ
Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:56 11.12.2023