

2020-ci ilin payızında qüdrətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük tarix yazdı. Sentyabrın 27-də işğalçı
Ermənistan ordusuna qarşı başladılan əks-həmlə əməliyyatı qələbə ilə yekunlaşdı. Azərbaycan silahlı
qüvvələrinin uğurlu əməliyyatları ilə düşmən ordusu darmadağın edildi. 30 il işğalda qalan torpaqlarımız ana
vətənə qovuşdu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri düşməndən azad
edildi. 10 noyabrda imzalanan “üçtərəfli Bəyanata uyğun olaraq düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını
da boşaltmaq öhdəliyi götürdü. Cəmi 44 gün çəkən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi,
düşmən ölkənin kapitulyasiyası ilə yekunlaşmışdı. Həmin ilin dekabrın 10-da Bakının “Azadlıq” meydanında
möhtəşəm qələbə paradı təşkil edildi. Hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğan da iştirak ediblər. Zəfər paradında qardaş ölkənin dövlət başçısının iştirakı xüsusi məna kəsb edirdi.
Qardaş dövlət Qarabağ münaqişəsi başlanandan bütün nüfuzlu beynəlxalq tribunalarda Azərbaycanın haqq
davasına dəstək nümayiş etdirmişdi, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdi. “Dəmir yumruq”
əməliyyatının həyata keçirildiyi 44 günlük savaşda da qardaş Türkiyə Azərbaycan mənəvi dəstəyini
əsirgəmədi.
Zəfər paradındakı nitqində Prezident İlham Əliyev bir sıra önəmli tarixi mesajlar verdi. Dövlət başçısı
indiki Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından qovulduğunu vurğuladı
və Zəngəzur, Göyçə və İrəvanın Azərbaycanın tarixi torpaqları olduğunu bildirdi. Qarabağ fatehinin bu çıxışı
əslində Azərbaycanın hərbi-siyasi strategiyasının bəyanı idi: Azərbaycan heç bir tarixi torpağının əbədi itkisi
ilə barışmayacaq.
Azərbaycanın müstəqillik dastanının yazıldığı “Azadlıq” meydanı hələ belə möhtəşəm paradın şahidi
olmamışdı. Paradı daha da möhtəşəm edən qardaş Türkiyə dövlətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın
çıxışı oldu. Qardaş dövlətin başçısı dosta güvən verən, düşməni məyus edən çıxışı Azərbaycan-Türkiyə
qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bundan sonra kimsə Azərbaycanın
haqqına girsə qarşısında Türkiyəni görəcək, Türkiyənin maraqlarına toxunsa Azərbaycanla üzləşəcək.
Dövlət başçılarının parlaq çıxışlarından sonra Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan
Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin
Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan
Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək
peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi
Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər.
Ümumilikdə Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən
silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan
müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi
zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də
nümayiş etdirildi.
Azərbaycan ordusunun Zəfər Paradı-Qalibiyyət yürüşü Ali Baş Komandan İlham Əliyevin və
ordumuzun qələbə hesabatı idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz öz tarixi missiyasını
şərəflə yerinə yetirmişdi. Ordumuz 44 günlük savaşda qələbəsi ilə yeni atrix yazdı, dövlətçilik və hərb
tariximizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi.
Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox
keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin
hərbi texnikaları da nümayiş etdirildi. Hələ bir neçə ay Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən
keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı
təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma
məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə
vurulan növbəti zərbə oldu. Bu, Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçilərinə, uydurma “Böyük
Ermənistan” ideyasına dəstək verən xarici dairələrə mesaj oldu: bundan sonra heç kim Azərbaycanın əzəli
torpaqlarına iddia etməyə cəsarət etməyəcək. Edərsə, yenə qüdrətli Azərbaycan ordusu tərəfindən darmadağın
ediləcək.
Vüqar Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun
müdiri