isaznow.com
Az Iw En Ru

Azadlıq Meydanına Zəfər yaraşır

Bu günə qədər Azərbaycan xalqının meydanlarda toplanması daha çox insanlarımızı narahat
edən problemlərin, onları razı salmayan siyasi qərarların, güc dövlətlərinin Azərbaycana qarşı haqsız
yanaşmaları ilə bağlı idi.
Lakin, Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra uzun illər ərzində öz Silahlı
Qüvvələrini formalaşdırmaqla, iqtisadiyyatının dayanıqlılığını təmin etməklə 2020-ci ildə qəhrəman
övladlarının şücaətini Qarabağda nümayiş etdirdi. 
Belə ki, Azərbaycanın müasir tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
müzəffər Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq 2020-ci ildə Azərbaycanın BMT
Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini təkbaşına icra edərək işğal altında olan torpaqlarının
geri qaytarılması və doğma Şuşa şəhərimizin azad olunması ilə yaddaşlara həkk olundu. 
Xalqımızın birliyi, vəhdət təşkil edərək öz Sərkərdə oğluna olan etibarı İkinci Qarabağ-Vətən
Müharibəsində azərbaycanlıların və müasir Ordumuzun yeni texnoloji, habelə innovativ çağırışları
mənimsəyərək əzmkarlıq nümayiş etdirməsi ilə yanaşı, eyni zamanda dünya hərb tarixinə də
yeniliklər gətirdi.
Azərbaycanın son 200 ildən artıq dövlətçilik tarixində itirilmiş torpaqlarının geri alınmasına
dair müzəffər Ordumuzun qətiyyəti 2020-ci il 10 dekabr tarixində müstəqil Azərbaycan
Respublikasının paytaxtı, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda, Azərbaycan xalqının birlik,
Vətənə sevginin, bağlılığın nümayiş yeri olan Azadlıq Meydanında ölkəmizin qardaşları, müttəfiqləri
ilə böyük sevinclə, təntənəli şəkildə qeyd olundu. 
Bununla da Azərbaycan xalqının meydanlarda toplanaraq öz gücünü, iradəsini dünya
ictimaiyyətinə nümayiş etdirməsi erasının, şəhər və rayonlarımızın ən böyük meydanlarında həyata
keçiriləcək qürurverici toplantıların, paradların əsası qoyuldu. 
Artıq həmin Zəfər paradının keçirilməsinin üçüncü ildönümünü qeyd etməkdəyik. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın
xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 44 günlük müharibə zamanı həm Azərbaycan
Ordusunun istifadə etdiyi 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş
müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin,
eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan
Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş
etdirildi.
Eyni zamanda bu parad qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də
bütün dünyaya nümayiş etdirdi.
Zəfər paradının ən böyük özəlliyi, heç vaxt yaddaşlardan silinməyəcək məqamı
mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər
üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin,
bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi. 
Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən
paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu. 
Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının
ilk dəfə olaraq iştirak etmələri xüsusi əlamətdar hadisə kimi tarixə düşdü.
Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun, Azərbaycana dost və qardaş olan
dövlətlərin nümayəndələri də iştirak edirdilər. 
Təsadüfi deyil ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə fəxri
qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdi.
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı, çıxış
edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi,
əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün
azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha ortaya
qoydu.
Prezident İlham Əliyevin “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından
biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan

haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözləri
iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.
Baxmayaraq ki, bu gün Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz
Qələbəsini, eləcə də suverenliyini tam təmin edərək bütün dünyaya legitimliyini nümayiş etdirir,
təəssüf ki, hələ də Sülh Sazişinin imzalanmasına maneəçilik törədən qüvvələrin, mənfur dairələrin
işbazlıqlarını müşahidə etməkdəyik. 
Bu il, Azərbaycan xalqlı üçün öz əhəmiyyəti ilə seçilən “Heydər Əliyev İli”ndə Prezident
İlham Əliyevin oktyabr ayının 15-də Xankəndidə hər bir azərbaycanlıya canı qədər doğma üçrəngli
Azərbaycan bayrağını dalğalandırması, daha sonra 8 noyabr tarixində Xankəndinin şəhər meydanında
xalqımızın qürurunu nümayiş etdirən növbəti hərbi paradı qəbul etməsi 10 dekabr – Zəfər paradının
davamı oldu.
Beləliklə, Azərbaycan xalqına yaraşan bu möhtəşəm Zəfər hər zaman xalqımızın birliyi,
həmrəyliyi və vəhdətini təşkil edərək meydanlarda toplanması, o cümlədən Azərbaycanın üçrəngli
bayrağının fəxarətlə dalğalandırılaraq nümayiş olunması ilə qeyd olunacaq.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri


08:55 11.12.2023