isaznow.com
Az Iw En Ru

Möhtəşəm 10 dekabr Zəfər paradı tariximizin ən şərəfli hadisəsi idi

Azərbaycan tarixinə nəzər saldıqda görərik ki, Vətənimiz və millətimiz adına ən parlaq günlərdən biri
Azadlıq meydanında Zəfər paradının keçirilməsi idi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi
Qələbənin məntiqi sonluğu kimi 10 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyev və  qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə bütün dünyaya səs salan Zəfər paradı baş tutdu. Bu parad illərdir haqqı tapdalanmış, xain düşmən tərəfindən
hiyləgərcəsinə məhv etmək istədiyi xalqın yenidən doğuluşu, qüvvəsini bir yerə toplayaraq istənilən qarşı
qüvvənin başını əzməyə qadir olan ordunun qələbə nümayişi idi. Azərbaycan Ordusu 30 ilin nisgilinə son
qoymuş, müharibədə əldə olunan Qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnmişdi.
Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dünya bir daha
bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda
istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu Zəfəri ilə dünyaya səs
saldı. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə qurduğu istehkamlar bu reallığın təsdiqi idi ki,
torpaqlarımızı danışıqlar əsasında geri qaytarmaq fikrində deyildi. Ermənistanın baş nazirinin müharibənin
gedişi dövründə müsahibələrində məsələnin diplomatik yolla həllinin mümkünsüzlüyünü bildirməsi də sadəcə
söz deyildi. Azərbaycan Ordusu Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Müzəffər Ali
Baş Komandanımız informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə
gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev inamla
səsləndirdiyi “Qarabağ Azərbaycandır!” bəyanatını reallaşdırmaqla mümkünsüzü mümkün etdi. Türkiyə ilə
Azərbaycan yumruq kimi birləşərək təkcə Ermənistana deyil, illərdən bəri işğalçını dəstəkləyən ədalətsiz
güclərə sübut etdi ki, döyüş meydanında Zəfəri təkcə tanklarla, toplarla deyil, ağılla, zəka ilə, düşünülmüş
siyasətlə qazanmaq olar.
Bu möhtəşəm Zəfər paradı həm də Azərbaycanın müdafiə qüdrətinin, əsgər və zabitlərimizin
peşəkarlığının, cəsarətinin, qəhrəmanlığının nümayişi oldu. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-
çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Zəfər
paradının şahidləri kimi taleyimizin xoşbəxt, əlamətdar hadisəsini yaşadıq həmin gün. Ölkəmizin Vətən
müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi.
Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və
qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin
iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş
müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və
katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. İşğal dövründə düşmən ölkənin
rəsmiləri bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını geri qaytarmağa cəhd göstərsə, Ermənistan ordusunun
texnikası Bakıyadək irəliləyəcək. Belə sərsəm açıqlamalarla ermənilər Ermənistan silahlı qüvvələri barədə
“yenilməz ordu” mifi yaratmağa çalışırdılar. Vətən müharibəsinin nəticələri bu mifi tar-mar etdi. Bəli,
düşmənin hərbi texnikası Bakıya gəldi, ancaq hərbi qənimət qismində. Ermənilərin qoyub qaçdığı atıcı silahlar,
ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Müharibə
zamanı 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edildi və ya qənimət kimi götürüldü.
Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən
artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər texnikaları da hərbi qənimətlər sırasındadır. Düşmən
ordusundan götürülən hərbi qənimətlərin bir qismi Zəfər paradında nümayiş olundu. Zəfər paradının ən
yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan
torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi.
Beləliklə, əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş
Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi
xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz
rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük
inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi, bu
gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.
Bahadur Cəfərov,
Sabirabad RİH başçısının Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


11:53 10.12.2023