isaznow.com
Az Iw En Ru

Azərbaycan xalqının cənab İlham Əliyevə inam və etimadı sonsuzdur

Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın ictimai-siyasi
həyatında mühüm dəyişikliklər baş verib. Belə ki, 44 günlük müharibənin və 23 saatlıq uğurlu
antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub.
İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı
müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə
nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir.
Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda
yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Dövlət başçısı
İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin
keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Dövlət başçısının Sərəncamı ilə  Seçki
Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və
Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək
tapşırılıb.
Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz
inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin
keçirilməsinin aktuallığını artırıb. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın tarixində
ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün
və suverenliyimizin təsbitidir. Eyni zamanda, bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda,
Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Məlumdur ki, Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti
növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan
müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün
müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa
malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər
şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri
müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə
siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin
tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına
alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin
edildiyinin bariz nümunəsidir.  
Siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır. Bu
mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud
potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən
radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı
qeyri-obyektiv yanaşmaları  ucuz demaqogiyadan başqa bir şey deyil. “Siyasi partiyalar haqqında”
yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının
heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş
radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq
yolunu seçib. Lakin onların bu cəhdləri bu dəfə də iflasa məhkumdur. Çünki Azərbaycan xalqı kimin
kim olduğunu yaxşı bilir.
Azərbaycan xalqının cənab İlham Əliyevə inam və etimadı sonsuzdur. Çünki Prezident İlham
Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirən, Qarabağı xalqımıza qaytaran, Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini təmin edən Liderdir. Bütün bunlara əsasən deyə bilərik ki, qarşıdan
gələn prezident seçkilərində cənab İlham Əliyevin mütləq şəkildə qələbə qazanacağı şübhəsizdir və
Liderimizlə rəqabət apara biləcək hər hansı siyasi qüvvə mövcud deyil!
Oktay Mehdiyev,
Sabirabad rayon Olimpiya Kompleksinin direktoru


08:05 10.12.2023