

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabr ayının 7-də imzaladığı
Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri
keçiriləcəkdir. Bu növbədənkənar Prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar.
Əlamətdar haldır ki, Müstəqil Azərbaycanın tarixində ilk olaraq Prezident seçkiləri bütün ölkə
ərazisində keçiriləcəkdir.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini bərpa edildi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda,
Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Xüsusi olaraq qeyd edilməlidir ki, bu siyasi tədbir zamanı 20 min seçici – burada işləyən və
doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki
məntəqələrində səs verəcəklər ki, bu hadisə tarixə düşəcəkdir.
Bu gün Azərbaycanın getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi
şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün
ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Hazırda Cənubi
Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata
keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlumdur. Bununla yanaşı, bəzi Qərb
dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi
Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama
sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə
alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü
Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ
və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın
mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi
ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq
məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin
gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir.
Növbədənkənar Prezident seçkiləri bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir.
Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Sadəcə olaraq, bu zaman
seçicilər öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər.
Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər
daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat
aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan
bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir.
Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini
doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər.
Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər.
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi
dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər
məsələni uğurla həyata keçirib. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik
nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət
başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə
dəstəkləyəcəklər.
Mircamal Həşimov,
Sabirabad rayon H.Z.Tağıyev adına 6saylı şəhər tam orta məktəbin direktoru