isaznow.com
Az Iw En Ru

Ölkə Prezidenti Ermənistana növbəti mesajlarını çatdırdı

Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi artıq
ənənə halını alıb. Dekabrın 6-da ölkəmiz yenidən dünyanın diqqətini özünə yönəltdi. Belə ki, ADA
Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər sırasına daha biri əlavə olundu. Dövlət
başçısı İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər”
mövzusunda Forum keçirildi. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə
işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə dolğun
məlumatların əldə olunması, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların
açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının
təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh
gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı. Prezident İlham Əliyev “Mən bu cür
toplantıları faydalı hesab edirəm, çünki bu təmas vaxtı biz bir sıra vacib məsələləri müzakirə edirik.
Mən də beynəlxalq ekspert dairələrində regionumuzda cərəyan edən son proseslərlə bağlı hansı
sualların olduğunu daha da yaxşı anlayıram” kimi fikirləri ilə beynəlxalq tədbirlərin əhəmiyyətini
açıqladı. Bir daha qeyd olundu ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin
təşəbbüskarı Azərbaycandır.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin
mənbədir: “Bu baxımdan cənab İlham Əliyevin Forumdakı çıxışı da biri-birindən mühüm məqamları,
çağırışları, Ermənistana və havadarlarına ünvanlanan mesajları ilə diqqətdə oldu. 30 illik işğal, 44
günlük İkinci Qarabağ müharibəsi, postmünaqişə dövrünün reallıqları barədə Forum iştirakçılarına
geniş məlumat verən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Bunu sülh yolu ilə etmək istəyirdik.
Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.
Cənab İlham Əliyevin hər bir çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində tarixi
Zəfərimizə və onun yaratdığı reallıqlara xüsusi diqqət yönəldilir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.
Lakin Ermənistan ötən üç ildə sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə səy göstərmədi.
Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında vurğulandığı kimi, imzalarına hörmət
edəcəklərinə, uzun müddət davam edən qarşıdurmaya son qoymaq üçün vacib addımlar atacaqlarına
ümid edirdik. Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmalı idi. Onlar müxtəlif səbəblərdən bunu
etmədilər. Aparılan bir gündən də az lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik.
Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi


08:23 09.12.2023