isaznow.com
Az Iw En Ru

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir

Azərbaycanın müxtəlif sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi
ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olmasının təsdiqidir. BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən birinci Zirvə görüşü
 də bu baxımdan diqqətçəkəndir. Prezident İlham Əliyev Zirvə görüşündə bu məqamlara da diqqəti
yönəltdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşıda bir
çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi
möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf
etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var ki,  o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir
iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr,
münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm
sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti
və uğurudur.
Ümumilikdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulması
və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi vacib yer tutur. Son illərdə Azərbaycanın Mərkəzi Asiya
ölkələri ilə münasibətlərinin inkişafı diqqətdən kənarda qalmır.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən  sonra bölgədə
tamamilə yeni reallıqlar  yaratdı. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə
sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də
dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata
keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların
rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin
sürətli inkişafına təkan verir.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamlara da xüsusi diqqət yönəltdi ki,
hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9
şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış”
Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş
məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın  Baş naziri Viktor Orban ilə dövlət
başçısı İlham Əliyevin görüşündə qeyd olundu ki,  Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi,
iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi
inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat,
enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları
inkişaf etdirilir. Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin
təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsinin böyük əhəmiyyətə malik olduğu
qeyd edildi, bu layihənin macar şirkətlərinin iştirakı ilə icra olunacağı vurğulandı.
Zirvə görüşündə Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri də iştirak etdilər.  Üzv və
fəxri qonaq qismində iştirak edən ölkələrin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol
oynayan Zirvə görüşündə növbəti mərhələdə qarşıda dayanan hədəflər açıqlandı. Azərbaycanın
iqtisadi inkişafını rəqəmlər vasitəsilə diqqətə çatdıran dövlət başçısı İlham Əliyev belə bir əminliyi
ifadə etdi ki, tədbir əlaqələrimizin inkişafına yeni təkan verəcək.
Azərbaycanın nəqliyyat və tranzit imkanları əlaqələrin inkişafında öz sözünü deyir. Prezident
İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki,  Azərbaycanın güclü iqtisadiyyatı müstəqil
xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu
4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. 
Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.
Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən
50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan
iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ
dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat
infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə
çevrilib.

Onu da qeyd edək ki,  Prezident İlham Əliyev noyabrın 22-də Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi
təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı
sərginin açılışında iştirak etmişdir.  Paytaxt Bakının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün
BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmizin imkanların təqdimatında
əhəmiyyətli rol oynayır.  Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan,
Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə
qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın
inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Təkmil inkişaf modeli ilə dünyanın
diqqətində olan Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir və bu proses bundan
sonra da davam etdiriləcək. Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf
strategiyası bugünkü uğurlarımızın əsasıdır. Azərbaycan beynəlxalq arenada iqtisadi, siyasi,
humanitar, diplomatik mərkəz kimi yerini və rolunu möhkəmləndirir.
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:44 28.11.2023