

Əsası 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi
Proqramının (SPECA) 25 illik yubiley sammiti keçirildi. Tədbirdə məlum səbəblərdən Əfqanıstan
istisna olmaqla, bu proqramda iştirak edən bütün ölkələrin başçıları, yəni Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan, və Özbəkistan prezidentləri, Türkmənistanın yüksək vəzifəli şəxsləri iştirak
etdilər. Eyni zamanda, Gürcüstan və Macarıstanın baş nazirləri, eləcə də Körfəz Əməkdaşlıq
Şurasının baş katibi fəxri qonaq qismində dəvət olunublar. Qeyd edək ki, bu strukturun 25 illik
fəaliyyət göstərməsinə baxmayaraq, onun çərçivəsində ilk dəfədir ki, Zirvə görüşü təşkil olunurdu.
Son vaxtlar, Azərbaycanla Mərkəzi Asiya regionu ölkələri arasındakı daha sıx əməkdaşlıq
müşahidə edilir. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ortaq tarixi münasibətləri var və eyni
zamanda, bu ölkələrin həm siyasi, həm də iqtisadi maraqları üst-üstə düşür. Və bu yaxınlaşma prosesi
dünya siyasətinin və iqtisadiyyatının çox həssas, çətin bir dövründə baş verir. Dünyada baş verən
hadisələr bir daha müxtəlif birliklərin, qurumların praqmatik fəaliyyət göstərməsini tələb edir. Bu
baxımdan SPECA proqramının iştirakçıları problemləri qarşılıqlı əlaqəni artırmaq yolu ilə aradan
qaldırmaq niyyətindədirlər. SPECA proqramına daxil olan ölkələr ikitərəfli səviyyədə çox ciddi
əməkdaşlıq edir və bu əlaqələr çoxtərəfli formatlarda möhkəmlənir. Belə ki, Azərbaycan və Mərkəzi
Asiya ölkələri birgə əməkdaşlıq etdiyi platformalar, təkcə SPECA deyil, həm də İqtisadi Əməkdaşlıq
Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi müxtəlif təşkilatlardır. Xəzərdə əməkdaşlıq ayrıca sahə hesab
edilməlidir. Burada SPECA-ya üzv ölkələr digər oyunçularla - İran və Rusiya ilə fəal əməkdaşlıq edir
ki, bu da Xəzər dənizini regional siyasət və iqtisadiyyatın müxtəlif mərkəzləri arasında qarşılıqlı
fəaliyyət platformasına çevirir və o, mühüm nəqliyyat qovşağına çevrilir.
Dəniz region ölkələri üçün mühüm iqtisadi amildir. Burada böyük həcmdə karbohidrogen
ehtiyatları çıxarılır və çox yaxın gələcəkdə Xəzər dənizi də bərpa olunan mənbələrdən mühüm enerji
mənbəyinə çevriləcəkdir. Ona görə də Xəzər dənizində əməkdaşlıq regionun bütün ölkələri üçün
xüsusi maraq kəsb edir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna böyük sərmayə
qoyaraq, ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirmişdir.
Artıq Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən
nəqliyyat və logistika mərkəzlərindən biridir. Son 20 ildə iqtisadiyyatına 310 milyard ABŞ
dollarından çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir.
Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi
rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.
Azərbaycan regional yenidənqurma prosesinə, o cümlədən ticarət və enerji dəhlizləri
şəbəkəsinin yenilənməsinə, habelə dayanıqlı üçüncü ölkə iqtisadiyyatları ilə əlaqələrin tənzimlənməsi
məsələsi üzrə təşəbbüslər göstərir və hətta bu prosesə rəhbərlik edir. Rəsmi Bakının BMT-nin az
qala ölmüş təşəbbüsünü yeni siyasi və iqtisadi gündəm formatında canlandırmaq ideyası olduqca
diqqətəlayiqdir. Azərbaycanın xarici siyasət strategiyası ölkənin mövcud sosial-iqtisadi və siyasi
çağırışlara mövqeyini gücləndirmək üçün uyğunlaşdırıla bilən regional inteqrasiya mövzuları üzrə
istənilən xarici siyasət dialoq formatlarını qurmaq və canlandırmaqdan ibarətdir. Bu strategiya
çərçivəsində ideya müəllifinin hansı strukturun və konkret hansı dövlətin olmasının əhəmiyyəti
yoxdur. Üstəlik, bunun hətta müəyyən üstünlükləri də var. Beləliklə, Bakı BMT strukturlarında
əhəmiyyətini artırır və regional proqramların idarə edilməsi rıçaqlarını öz üzərinə götürür. Təşkilatın
gələcək islahatları prosesində bunun ciddi əhəmiyyəti olacaq. Bu gün BMT-nin himayəsi altında
yaradılsa da, əslində bu strukturun inkişafına ilk dəfə 3,5 milyon ABŞ dolları məbləğində dəstək olan
Azərbaycan SPECA Etimad Fondunun yaradılması timsalında artıq bunu görmək olar. Bununla,
SPECA özünün inzibati və bürokratik idarəetmə və regionda vəziyyətin monitorinqi strukturunu əldə
edəcəkdir.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi