

Azərbaycan mövzusundan asılı olmayaraq, regional və beynəlxalq əhəmiyyətli tədbirlərin,
qlobal xarakterli müzakirələrin, dünyanı narahat edən problemlər üzrə danışıqların aparıldığı, eləcə də
bəşəriyyətin taleyi ilə bağlı vacib qərarların verildiyi mərkəzə çevrilib. Təbii ki, bu, ölkəmizdə
bərqərar olan siyasi sabitlik, Azərbaycanın artan iqtisadi qüdrəti, əlverişli coğrafi mövqeyi, irəli
sürdüyü təşəbbüslərin və həyata keçirdiyi layihələrin əhəmiyyəti, güvənli tərəfdaş statusunu
qazanması, habelə dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzu, dünyanın gələcəyi ilə
bağlı dəyərli fikirləri, sülh və təhlükəsizliyə verdiyi töhfələrlə bağlıdır. Keçirilən bütün tədbirlərə, o
cümlədən beynəlxalq idman yarışlarına belə Azərbaycan məharətlə, nümunəvi şəkildə ev sahibliyi
edir və bu dünya ictimaiyyəti tərəfindən hər zaman təqdir olunur. İnamla səsləndirə bilərik ki,
Prezident İlham Əliyevin müəllifi olduğu müdrik və uzaqgörən siyasət Azərbaycanı qlobal prosesləri
yönəldən, dünya xalqlarının xoşbəxt gələcəyi naminə ona müsbət istiqamət verən ölkələr sırasına
yüksəldib.
Belə tədbirlərdən biri də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı – SPECA həftəsi paytaxtımızda təşkil olunub. Həftə çərçivəsində baş tutan Ticarət və
Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasında, İqtisadi Forumda, Rəhbər Şuranın sessiyasında
aparılan müzakirələr, gəlinən qənaət, qəbul olunan qərarlar və imzalanan sənədlər, inanırıq ki,
Proqramın əhatə etdiyi ölkələrdə davamlı iqtisadi inkişafı təmin edəcək, qarşılıqlı faydalı əməkdaşlığa
güclü təkan verəcək. Dünən isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi, üzv
ölkələrin prezidentləri və başqa yüksək səviyyəli rəsmiləri tədbirdə iştirak etdilər. Qısa olaraq qeyd
edim ki, regionun əsas aparıcı ölkəsi olan Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün son dərəcə
əhəmiyyətli tərəfdaşdır və bu ölkələrin iqtisadi inkişafına mühüm töhfələr verir. Bildiyimiz kimi,
həmin ölkələrin Avropaya çıxışı tranzit imkanları geniş olan Azərbaycansız, ümumiyyətlə, mümkün
deyil. Bu istiqamətdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini qeyd etmək istərdim. Səmərəli
fəaliyyətinə ölkəmizin mühüm töhfələr verdiyi Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən qısa və
əlverişli yol olmaqla qlobal ticarətdə kifayət qədər faydalıdır. Azərbaycan Dəhlizin uğurlu fəaliyyəti
üçün üzərinə düşən işləri nümunəvi şəkildə yerinə yetirir, bu istiqamətdə yükdaşımaların həcminin
artırılması istiqamətində səylə çalışır.
Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin uğurlu iqtisadi
göstəricilərini, Cənubi Qafqazda yaratdığı reallıqları və dəyişməz mövqeyini iştirakçıların diqqətinə
çatdırdı. Səslənən rəqəmlər bir daha təsdiqləyir ki, ölkəmiz iqtisadi və digər sahələrdə davamlı inkişaf
yolu tutub, göstəricilər ildən-ilə yüksəlir. Ötən 20 ildə ümumi daxili məhsulun 4, büdcə gəlirlərinin
30, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması dövlətimizin uğurlu iqtisadi siyasətinin
təzahürüdür. Həqiqətən də, qısa zaman kəsiyində bu qədər nailiyyətlərin əldə olunması dünya ölkələri
arasında az təsadüf edilən təcrübədir. Bu illər ərzində dünyada ardıcıl iqtisadi böhranlar baş verib, acı
fəsadlara yol açan pandemiya dövrü yaşanıb. Amma düzgün müəyyənləşmiş və həyata keçirilmiş
iqtisadi strategiya Azərbaycanı bu böhranlardan təsirsiz ötüşməyə imkan verib.
Azərbaycanın ev sahibliyi etdiyi bu Zirvə görüşü Proqrama üzv olan ölkələr arasında
əməkdaşlığı dərinləşdirəcək, iqtisadi münasibətlərdə yeni imkanlar açacaq.
Elçin Gözəlov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi