isaznow.com
Az Iw En Ru

Azərbaycanın incisi - Kəlbəcər

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan 10
noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Üçtərəfli Bəyanatın
imzalanması ölkəmiz üçün diplomatik qələbə oldu və 3 rayon Ermənistan tərəfindən hərbi
əməliyyatlarsız azad edildi. Həmin üç rayondan biri Kəlbəcər rayonu idi və 25 noyabr tarixində
Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış
məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərin şimal hissəsi İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman,
Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Bununla da Azərbaycan
Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin
hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və nəticədə erməni silahlı
qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməmişdilər.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad
olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən
olunmuşdur.
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı
qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik
tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma
mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51
kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi.
2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri
kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma
mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış
məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik
Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu...
Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan
quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


09:33 25.11.2023