

Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə
malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara
düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri
həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış
məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü
icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər
Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. Bu ərazidə olan qayaüstü təsvirlər təkcə
Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.
Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında
qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya
təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib.
Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı
İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu və s.
Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan
geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Qazıxanlı,
Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə,
mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı
obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və
təzahirlər aşkar edilib.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il
aprelində Ermənistan tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə
əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı
Qüvvələrinə təhvil vermişdir. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa
da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə
qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü
və humanizm göstərilmişdir. Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış
üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı
Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmiş, sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən
olunmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri sürətlə davam etdirilir. Artıq bir neçə azad
edilmiş rayona Böyük Qayıdış başlayıb.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi