isaznow.com
Az Iw En Ru

Azərbaycan və İraq arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər

Xəbər verildiyi kimi, noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Noyabrın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və
geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Daha sonra
hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik əlaqələr tarixi boyunca
İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında
dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına
əminliyini bildirib.
Səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir
çox məsələlər müzakirə edilib, gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu gün
İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki
dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də,
Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-
biriminin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
Görüşlər zamanı iqtisadi əməkdaşlıq məsələləri də geniş şəkildə müzakirə edilib. Xüsusilə
qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Bildirilib ki,
bu məsələlər yaxın günlərdə ölkəmizin nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının
keçirilməsi üçün Bağdada səfər edəcək, səfər çərçivəsində bu və digər məsələlər yenə müzakirə
olunacaqdır.
Görüşdə həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə
edilib. Artıq Bakı və Bağdad arasında birinci birbaşa təyyarə reysinin uçuşu baş tutub. Gələn həftə
Bakıdan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslər həyata keçiriləcəkdir. Bu da hər iki
istiqamətdə səyahət edən turistlərin sayının artmasına səbəb olacaqdır. Bununla əlaqədar görüş
zamanı vizaların verilməsi prosesini sadələşdirilməsi üçün növbəti addımların atılması da müzakirə
edilib.
Prezident İlham Əliyev İraq dövlət başçısının qonşu Ermənistana da səfər edəcəyini qeyd
edərək Azərbaycan və Ermənistan arasında hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı qonağı
məlumatlandırıb.
Ölkə başçısı öz Bəyanatında bildirib ki, “Biz Ermənistandan təklifimizə dair qeydləri
gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin
indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət
olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.
Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsi
olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Fransa Cənubi Qafqazda çox destruktiv rol
oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə
ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti,
beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında
düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin
ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya
yaradır”. Prezident İlham Əliyev vurğulayıb ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez
cavab alsaq, bir o qədər də yaxşı olar.
Əminik ki, Prezidentimizin bu mesajından Ermənistan və onun havadarları bir nəticə
çıxaracaqlar.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


17:48 22.11.2023