

Üç il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi
yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı
Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun
77,4 faiz ərazisini işğal etdilər.
Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurdu, 128 min əhali
məcburi qaçqın həyatı yaşamağa məcbur oldu. Işğal nəticəsində rayon mərkəzi ilə birgə 90 kəndi işğal
olundu, rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada
yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər
zamanı 6 mindən artıq insan şəhid oldu və minlərlə insan yaralandı. Düşmən işğal etdiyi digər ərazilə
kimi Ağdamda da bütün tikililəri, evləri, mədəniyyət müəssisələrini, tarixi abıdıləri dağıdaraq onların
daşlarını da söküb aparmışdılar.
Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 20-də
Ağdam rayonu Azərbaycana təhvil verildi. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə
nəticəsində mümkün oldu. Bundan sonra rayonun minalardan təmizlənməsinə, burada bərpa və
quruculuq işlərinin aparılmasına başlanıldı. Ağdam yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın
ən gözəl şəhərləri sırasında olacaqdır. Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdi: “İndi
Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu
kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar
sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir”.
Artıq Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanıb, infrastruktur layihələrinin planlı
şəkildə icrası üçün inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start
verilib. 2021-ci 28 may tarixində Prezident İlham Əliyevin Ağdam rayonuna növbəti səfəri zamanı
həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olundu. Həmin səfər çərçivəsində ölkə başçısının
iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının,
Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan
Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl
daşının qoyulması mərasimləri keçirildi. Səfər zamanı həm də sahəsi 125 hektar olan Ağdam şəhər
meşə-parkında ağacların əkilməsinə start verildi.
2022-ci ildə Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam”
mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının,
Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Sarıcalı və Kəngərli kəndilərinin,
Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin,
“City Hotel Agdam” mehmanxanasının, daha bir yaşayış məhəlləsinin təməlqoyma mərasimləri,
Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi,
Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Pənahəli xanın sarayı və
İmarət Kompleksi ilə, Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq oldu, Xurşidbanu
Natəvanın abidəsinin açılış mərasimi keçirildi.
Bu il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli
avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Prezidentin rayona hər bir səfəri burada
aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Artıq Ağdam şəhəri üç ildir ki, azaddır. İşğaldan
azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da
davam etdirilməkdədir.
Bu gün Ağdamda bərpa-quruculuq işləri böyük sürətlə davam edir. əminik ki, Ağdamı ziyarət
edən xarici və yerli jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdıqları şəhər yaxın gələcəkdə ən
müasir infrastruktura malık şəhərə çevriləcəkdir.
Bu il isə biz ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günün – noyabrın 20-nin Ağdam
Şəhəri Günü kimi qeyd edəcəyik. Bu əlamətdar gün münasibəti ilə bütün Ağdamlıları təbrik edirəm.
Nazilə Quliyeva,
Sabirabad rayon Kürkəndi tibb məntəqəsinin müdiri