

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad
edilməsinin 3-cü ilə tamam olur. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik
qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində
mümkün oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ
üzrə üçtərəfli bəyanata əsasən Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına
təhvil verildi. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad
olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan
bayrağını qaldırdı. Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilmişdi. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Onların hamısı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində –
Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Qarabağın
ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib
çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri
zamanı Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biri olduğu məlum olmuşdur.
Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar
zamanı müəyyənləşdirilmişdir ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl,
yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim
əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. "Ağdam" sözü qədim türk dilində "kiçik qala"
deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən
kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişdi. XVIII əsrin birinci
yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib.
Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada
"Ağdam" — günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Sahəsi 1150 kvadrat km olan rayonun
relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat
kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular.
Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali
Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Qısa müddətdə Prezident İlham Əliyevin
rəhbərliyi ilə bütün bərpa işləri aparılmaqdadır və Ağdam yenidən ölkəmizin ən abad və gözəl
bölgələrindən birinə çevriləcəyinə şübhə yoxdur.
Artıq Ağdam öz sahiblərinə qovuşub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis
edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi