

Xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində
əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahələrdə qazandığı uğurlar davamlılığı ilə
diqqətdədir. Ölkəmiz bu və ya digər sahələrlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi
edir, yaxud digər ölkələrdə keçirilən belə tədbirlərə qatılır. Bütün hallarda bu, ölkəmizin beynəlxalq
münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir.
Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) 16-cı Zirvə toplantısı keçirildi.Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində
Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın
genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda
Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata
keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını
xüsusi vurğuladı. Bildirdi ki, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk
dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq
edilib. Qeyd edilənlər Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı , həmçinin quruma üzv olan
dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkşaf etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev
Zirvə toplantısındakı çıxışında ötən il Özbəkistana bir dövlət, iki işgüzar səfər etdiyini xatırlatmaqla
münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə aydınlıq gətirdi. Eyni zamanda, bu mühüm məqam
da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini
Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə
yanaşı, türk dünyasının birliyinin təqdimatı oldu.
Azərbaycanın iqtisadi uğurlarına, təkmil inkişaf modelinə yönəldərək bildirib ki, ölkəmizin
yerləşdiyi coğrafi məkan dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Dövlət başçısı İlham
Əliyevin Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Bildirildi ki,
Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə
Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Bunun
sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və
logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.
Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində
işlər gedir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun
fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi
edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə
Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının
27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və
çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev
sahibliyi etməyə hazırdır.
Vüqar Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun
müdiri