isaznow.com
Az Iw En Ru

Azərbaycan İƏT-in üzvü kimi təşkilatın işində fəal iştirakı önəmlidir

Azərbaycanın xarici siyasətində  beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz
bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq
təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında İqtisadi Əməkdaşlıq
Təşkilatı xüsusi vurğulanmalıdır. Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən
İnkişaf üçün Regional Əməkdaşlıq və Əməkdaşlıq Təşkilatı adı ilə üç ölkə arasında iqtisadi, texniki
və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən
etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi
artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması,
üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və
kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya
mühüm vəzifələr kimi qoyulub. Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Türkiyə,
Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil
olduğu regional dövlətlərarası iqtisadi strukturdur.
Xatırladaq ki, Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilata üzv olduqdan sonra
Azərbaycan dövlət və hökumət başçısı səviyyəsində İƏT-in sammitində təmsil olunub. Təşkilatın 9-
cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı
bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər
Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Xarici işlər naziri
Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə
sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. O, “Yaşıl keçid və qarşılıqlı bağlantılar”
mövzusuna həsr olunan Azərbaycanın sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə
“İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağını vurğulayıb. Nazir, eyni zamanda,
ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, turizm və digər sahələrdə bir
sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini də qeyd etmişdi.
Təşkilatın əvvəlki toplantılarında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat
marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit
dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə,
Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və
Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı
Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun
inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.
İƏT-in iclaslarında Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına
nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün
bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edilib. Bütün
bunlarla bərabər, Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya
gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir
nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriya kimi
qiymətləndirilib.
İƏT fəaliyyətində üzv ölkələr arasında son 20 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu
keçən Azərbaycana daim önəm verib. Bu ilin əvvəlində Azərbaycanın təşkilata sədrlik etməsi də bu
etimadın göstəricisidir. Xatırladaq ki, oktyabrın 10-da təşkilatın sədri olaraq Azərbaycan İƏT-in
Xarici İşlər Nazirləri Şurasnın 27-ci iclasına evsahibliyi edib. Toplantı Qarabağın incisi Şuşa
şəhərində keçirilməsi ilə əlamətdar oldu. Xatırladaq ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil
şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri təşkilatın 2026-cı il
üçün turizm paytaxtı seçilib. Həmin toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə
heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq
perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da
gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.  Bütövlükdə, Azərbaycan İƏT-in
üzvü kimi təşkilatın işində fəal iştirakı önəmlidir. Bu fakt ölkəmizin yaxın regionlarda həyata
keçirilən proseslərdə fəal iştirakının göstəricisidir.
Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad bələdiyyəsinin üzvü


09:51 13.11.2023