isaznow.com
Az Iw En Ru

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun fəaliyyətinə töhfələrini davam etdirir

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr”
ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın
genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda
Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata
keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını
xüsusi vurğuladı. Bildirdi ki, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk
dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq
edilib. Qeyd edilənlər Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı , həmçinin quruma üzv olan
dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkşaf etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev
Zirvə toplantısındakı çıxışında ötən il Özbəkistana bir dövlət, iki işgüzar səfər etdiyini xatırlatmaqla
münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə aydınlıq gətirdi. Eyni zamanda, bu mühüm məqam
da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini
Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə
yanaşı, türk dünyasının birliyinin təqdimatı oldu.
Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Dövlət
başçısı İlham Əliyevin Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu.
Bildirildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə
qoyub. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən
nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri
tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi
üzərində işlər gedir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm
verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan qısa müddətdə böyük
investisiyalar məkanına çevrildi. Bu, Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın
göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə
etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin
formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 2003-cü ildən
etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın
bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin “Neft
kapitalını insan kapitalına çevirək!” tezisinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar
bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə
həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikamızda güclü iqtisadi
potensial formalaşmışdır. Azərbaycanda bu gün geniş və hərtərəfli infrastrukturun qurulması, yüzlərlə
müasir müəssisənin fəaliyyətə başlaması da məhz bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev
Zirvə toplantısında bu statistik rəqəmi açıqladı ki, ümumiyyətlə, son 20 ildə Azərbaycan
iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft
sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud olan münbit və əlverişli sərmayə mühitinin
nəticəsidir.
Prezident İlham Əliyev Zirvə toplantısında Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin
olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib.
Dövlət başçısı bu rəqəmləri toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizin bərpaolunan enerji
potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə
157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin
ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan
sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək
bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda
2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib.
2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni
işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
İstər İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışlar, istərsə də tədbir
çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmə və

dəyərə bir daha işıq saldı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın
Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında
xüsusi rol oynayacağını vurğulayaraq bildirdi ki, Qarabağda 30 ildən artıq davam edən işğalın
tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə daha bir addım yaxınlaşdığımızı görürük.
Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq.
Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə
yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Pakistan İslam
Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşlərində
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlar
təqdir edildi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması fonunda nəqliyyat və logistika
sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların yaranacağına əminlik ifadə
olundu.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin, 30 il davam edən işğal
dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında növbəti platformaya çevrilir. Prezident
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti bu reallığa
yönəldib ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında
saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq
azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 2020-ci
ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə
edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, BMT
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd
qətnamənin icrasını özü təmin etdi. Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq
hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Cari ilin sentyabrın 19-20-də keçirilmiş
birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin
mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini
tam bərpa etdi.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun
fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi
edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə
Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının
27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və
çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev
sahibliyi etməyə hazırdır.
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi


18:46 12.11.2023