isaznow.com
Az Iw En Ru

Azərbaycan tarixinin ən böyük uğurlarından biri

Noyabrın 8-də Xankəndidə keçirilən parad bir daha təsdiq edir ki, Azərbaycanın bütün
parametrləri dəqiq hesablamalara əsaslanan uzunmüddətli strategiyası var. Xankəndi şəhərində Vətən
müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycan dövlətinin möhkəm
siyasi iradəsini, ordumuzun gücünü və xalqımızın birliyini dünyaya bir daha nümayiş etdirdi.
2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror
tədbirlərinin nəticələri 30 il davam edən işğala son qoymaqla yeni bir tarixi mərhələnin başlanğıcı
olub.
Vətən müharibəsində nəinki Ermənistan hakimiyyəti, eləcə də uzun bir dövr ərzində işğal
faktına etinasız qalan, Ermənistana qarşı sərt tədbirlər görməkdən qaçan, əksinə, müxtəlif yollarla bu
işğala bəraət qazandırmaq istəyən dairələrə Azərbaycan xalqının öz ali məqsədlərindən geri
dönmədiyini göstərdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, 2020-ci ilin noyabrında hərbi
əməliyyatların dayandırılması şüurlu seçim idi. Məhz Müzəffər Ali Baş Komandanın müdrikliyi,
hadisələri dəqiq qiymətləndirmək məharəti reallıqlara, dünyada və regionda gedən proseslərə adekvat
qərar qəbul edilməsinə imkan verdi. Noyabrın 8-də Xankəndidə keçirilən parad bir daha təsdiq edir ki,
Azərbaycanın düşünülmüş, bütün parametrləri dəqiq hesablamalara əsaslanan uzunmüddətli
strategiyası var. Hesab edirəm ki, bizim qələbələrimizin, əldə etdiyimiz nailiyyətlərin əsasında məhz
bu amil dayanır.
Azərbaycan ordusunun yüksək peşəkarlığı, əsgər və zabitlərin vətənpərvərliyi, eləcə də
xalqımızın həmrəyliyi 30 il davam edən işğala son qoymağa imkan yaratdı. Bu 30 il ərzində biz bütün
sahələrdə fəaliyyətimizi məhz işğalda olan ərazilərin azad edilməsinə istiqamətləndirə bildik. İqtisadi,
siyasi, hərbi sahədə əldə olunmuş hər bir uğur bir amala xidmət edirdi. Müzəffər Ali Baş Komandanın
da qeyd etdiyi kimi, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib və heç bir
xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmayıb. Vətən
müharibəsində də, antiterror tədbirləri zamanında da Azərbaycan ordusu yalnız legitim hərbi
hədəflərə zərbə endirirdi. Mülki infrastruktura və dinc sakinlərə zərər yetirilməməsi üçün maksimum
diqqətli və məsuliyyətli davrandı. Bu da bizim silahlı qüvvələrimizin peşəkarlığını və Azərbaycan
dövlətinin, xalqının humanist xarakterini əks etdirir.
Azərbaycan geosiyasi situasiyanın kifayət qədər mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə
zəfər qazanıb. Bu, bizim qələbəmizin əhəmiyyətini və dəyərini artıran ən vacib məqamlardan biridir.
Azərbaycan xalqı məhz bu mənada tarixinin ən böyük uğurlarından birinə imza atıb.
Hilal İsmayılov,
Sabirabad rayonu Əlicanlı kənd sakini, Vətən Müharibəsi iştirakçısı


10:45 13.11.2023