

Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsinin açıldığı 28 may 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xalqımızın çox əsrlik müstəqillik və milli dövlətçilik
arzularını 1 səhifəlik mətndə əks etdirən ilk konstitusiya aktı sayılacaq sənəd - İstiqlal Bəyannaməsi
qəbul edilmişdir. Həmin dövrdə bu hüquqi sənəd böyük tarixi əhəmiyyət kəsb edirdi.
1920-ci ilin aprel işğalından sonra Azərbaycanda ilk konstitusiya 1921-ci il mayın 19-da qəbul
edilmişdir. 1925-ci ildə isə həmin konstitusiyaya bir sıra dəyişikliklər edilmişdir. Azərbaycanın ikinci
Əsas Qanunu 1937-ci il martın 14-də, üçüncü konstitusiyası isə 1978-ci il aprelin 21-də qəbul
edilmişdir. Lakin bu konstitusiyalar sovet rejimi dövrünün məhsulu olmaqla Sovet İttifaqı
konstitusiyasından köçürmə idilər. Bu konstitusiyalardan yalnız sonuncu 1978-ci il konstitusiyası
mahiyyətcə əvvəlkilərdən fərqlənməsə də, həmin sənədin bir tarixi özəlliyi var idi. Belə ki, ilk dəfə
olaraq Azərbaycan SSR-nin Əsas Qanunu Azərbaycan dilində yazılmış və Azərbaycan dili dövlət dili
elan edilmişdir. Sözsüz ki, o dövr üçün bu, çox siyasi və tarixi əhəmiyyət kəsb etməklə məhz
respublikaya o vaxt rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin əzmkarlığının və siyasi uzaqgörənliyinin
nəticəsi idi. 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və
bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-
in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə
olmuşdur.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya
Aktı qəbul olundu və Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdi. 1993-cü ildə Ümummilli
Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün
sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, cəmiyyəti xaos və
anarxiyadan xilas etdi. Ulu Öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf
modelini müdrikliklə irəli sürdü. Bu inkişafı təmin etmək üçün ölkəmizdə mükəmməl və beynəlxalq
dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına böyük ehtiyac var idi.
Müstəqillik əldə etdikdən sonra 1978-ci il Konstitusiyası dövrün çağırışlarına, hüquqi dövlət və
demokratik cəmiyyət quruculuğunun məqsəd və vəzifələrinə cavab vermirdi. Ona görə də gənc, müstəqil
Azərbaycanın qarşısında birinci növbədə yeni Konstitusiya layihəsinin hazırlanması dururdu.
Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli 1048 saylı qərarı ilə Ümummilli
Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən
ibarət tərkibi təsdiq olundu. Həmin komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmişdi. İclasa
sədrlik edən Ulu Öndərimiz Heydər Əliyev komissiyanın ilk iclasında geniş nitq söyləmişdir. O, öz
nitqində Azərbaycanın konstitusiya quruculuğu tarixinə toxunmuş və müstəqillik əldə etdikdən sonrakı
dövrün ictimai-siyasi hadisələrinin geniş təhlilini verməklə göstərmişdir ki, müstəqil Azərbaycanın ilk
Konstitusiya layihəsinin hazırlanması respublikamızın həyatında böyük bir hadisədir. Ulu Öndərimizin
bilavasitə sədrliyi ilə komissiyanın ardıcıl olaraq iclasları keçirildi, geniş müzakirələr aparılmaqla yeni
konstitusiyanın layihəsi hazırlanmış və komissiyanın 14 oktyabr 1995-ci il tarixli qərarına əsasən 15
oktyabrda mətbuatda dərc edilməklə ümumxalq müzakirəsinə verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, XII fəsil, 158 maddə, preambula və keçid
müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi(referendum) yolu ilə qəbul
edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf,
hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini
özündə ehtiva edən və Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsi sayılan 1918-ci ildə
qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən bir sənəddir.
Elvin Bayramlı,
Sabirabad rayonunda yaradıcı gənc, səs rejisoru