

Konstitusiya dövlətin ali qanunudur və ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və
iqtisadi sistemlərin əsaslarını təşkil edir. Konstitusiya dövlət orqanlarının təşkili və fəaliyyətinin
prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə
hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və
azadlıqlarını müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər
Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında
qəbul olunub. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki
konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsinin
hazırlanması üzərində ciddi iş başlanılmışdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən
deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil
Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən
Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti -
bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. 1994-cü ildə umummilli
lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə
ümumxalq müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın
Respublikasının ilk Konstitusiyası qəbul olundu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil
Azərbaycan Respublikasının ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Azərbaycan
Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquq
sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının
yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Ölkəmiz onun qanunvericilik
sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır
və bu sənədlərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məsələlərə
yönəlmişdir.
Ötən 28 il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində və yeni dövrün tələblərinin yaratdığı
zərurətlərlə əlaqədar olaraq Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli əlavələr və
dəyişikliklər edilib. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə referendum yolu ilə
Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və
dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da
güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət
prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da
keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29
maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti,
məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və
azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və
bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlimişdir.
Artıq iki ildir ki, Azərbaycan xalqı Qalib xalq olaraq hər bir özəl bayramını daha fərqli əhval-
ruhiyyədə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44
gün davam edən Vətən Müharibəsində tarix yazaraq 30 illik həsrətə son qoydu. Canlarını Vətən
yolunda fəda edərərək bizlərə bu qururu yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə
şəfa diləyirik.
Fikrət Əmrəhov,
Sabirabad rayonu Həşimxanlı bələdiyyəsinin sədri