isaznow.com
Az Iw En Ru

12 Noyabr – müstəqil dövlətin Konstitusiya günü

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu —
Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli
konstitusiyasıdır.
“Konstitusiya” latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik olan
əsas qanunlar məcəlləsi belə adlanır. Demokratik dövlət olan ABŞ-da nümayəndəli demokratiyanın yaranması
hökumətin qərar qəbul etmək üçün istinad edə biləcəyi müəyyən qaydaların olmasına zərurət yaratdı. Nəticədə
dünyada ilk dəfə olaraq dövlət quruculuğunu, hakimiyyət strukturlarını, eləcə də qərarqəbul etmə qaydalarını
müəyyənləşdirən ali qanun — Konstitusiya yaradıldı.
Müasir dövlətlərin çoxunun konstitusiyası var. Konstitusiyası olmayan dövlətlərdə isə idarəetmə adət-
ənənələrə, dini qaydalara əsaslanır. Bir qayda olaraq, konstitusiyalar uzun müddətə qəbul edilir və nadir
hallarda dəyişdirilir. Belə dəyişikliklər, adətən, müharibələr, inqilablar və ya ölkənin siyasi kursunun kəskin
surətdə dəyişilməsi nəticəsində baş verir. Məsələn, Almaniya Federativ Respublikasının, İtaliya və
Yaponiyanın konstitusiyaları bu ölkələrin II Dünya müharibəsində məğlubiyyətindən sonra yenidən qəbul
edilib. ABŞ Konstitusiyası isə, əksinə, 200 ildən çoxdur ki, fəaliyyət göstərir. Böyük Britaniyada isə məsələ
başqa cürdür. Burada konstitusiya tipli ali qanun yoxdur. Ölkənin idarə olunması çoxəsrlik tarixi olan
ənənələrin və ayrı-ayrı qanunların əsasında həyata keçirilir.
1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də, Milli Şurada qəbul
edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. 1920-ci il aprel işğalından sonra Azərbaycanın ictimai və
dövlət quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı.
Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər
qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi.
1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci Konstitusiyasını
təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi.
Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiyanın
73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım
idi, çünki SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə respublikanın ali qanununa belə bir
maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o
zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı» qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan
olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsinin
imzalandığı andan etibarsız olduğu göstərilirdi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Prezident
Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın
27-də qüvvəyə minmişdir.
Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin
yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin
demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin
etmək və s. kimi nailiyyətlər təsbit olunmuşdu.
Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o,
demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz
demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan
etmək imkanı qazanmışdır.
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə
həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir.
Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olmuşdur.
Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli
gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər
Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına
dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24
dəyişiklik və əlavə edildi.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


10:36 12.11.2023