isaznow.com
Az Iw En Ru

44 günlük Vətən müharibəsini yekunlaşdıran üçtərəfli 10 noyabr Bəyanatı

Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə
qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması,
ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik
dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə  qonşusunun torpağına göz
dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən
ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan
iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər.
Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız
olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki
qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin
törətdikləri vandal aktları alman faşizmini də kölgədə qoymuşdur.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı
torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma
torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində
Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik
olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan
ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi.
Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki
vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi
itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə
həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı.Yaşanan dəhşətli hadisələr bütün dünyanı
sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali
Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin
qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara
yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad
etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi
xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini
hərbi-siyasi yolla 44 günə bitirdi.
Əlbəttə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində  həm
ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq
informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin
nəticəsidir.  O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin
müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan
cənab  İlham Əliyevdir.
Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-
quruculuq işlərinin aparılması oldu. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi
köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
“Böyük Qayıdış”ın ilk addımı Zəngilandan başladı. 2022-ci ilin iyulunda məcburi köçkünlərin “Ağıllı
kənd” kimi yenidən qurulmuş Ağalı kəndinə qayıdışı bayrama çevrildi. Yaşayış üçün hər bir şəraitin
təmin edildiyi Ağalıya 60-dan çox ailə qayıtdı.
2021-ci ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu.
Möhtərəm prezidentimizin fərmanına əsasən Zəfər yolunun salınması 2021-ci ilin noyabrında başa
çatdı. Bu yolun salınmasında Ali Baş Komandanımızın məqsədi o idi ki, Şuşanı azad edərkən
ordumuzun keçdiyi yolu əbədiləşdirsin.
2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu zəfərlə respublikamız
tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə
əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoymuşdur.
Prezidentimiz işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı 2030-cu ilədək 5 Milli Prioritetdən biri
kimi müəyyən etmişdir. 44 günlük Vətən müharibəsini yekunlaşdıran üçtərəfli 10 noyabr
Bəyanatından 3 il keçməyinə günlər qalıb. Lakin Ermənistan rəhbərliyi öz öhdəliklərini yerinə
yetirməyə tələsmir. Hətta dəfələrlə bəyanatın müddəaları Ermənistan tərəfindən pozulmuşdur, tez-tez
silahlı təxribatlar törətmişlər.

Bunlara cavab olaraq Üçtərəfli Bəyanatda Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və
bundan sonra təhvil verilməsini Ali Baş Komandanımız daha tez etdi. Prezidentimizin  Laçından
erməni əhalisinin çıxarılması tələbini Ermənistan qoyulan vaxtadək yerinə yetirdi. Aprelin 23-də
Laçında Azərbaycan Respublikasının keçid məntəqəsi quruldu. Bununla da Ermənistandan Qarabağa
və əksinə hərəkət edən yüklərə, şəxslərə tam nəzarət etmək mümkün oldu.2023-cü ilin mayın 28-də
bərpa edilmiş Laçın rayon mərkəzinə də Böyük Qayıdış planına uyğun olaraq ilk ailələr köçürüldü.
Sentyabrda isə Ermənistanın növbəti təxribatları cavablandırıldı. Bu barədə möhtərəm
prezidentimiz oktyabrın 15-də Xankəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını
ucaltdıqdan sonrakı çıxışında belə gözəl nitqlər səsləndirib: “ Ordumuzun gücləndirilməsi işində
yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən
vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həm üç il bundan əvvəl
Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur
etdik, eyni zamanda , keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü
göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.”
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


09:18 10.11.2023