isaznow.com
Az Iw En Ru

10 noyabr bəyannaməsinin imzalanması ümumxalq birliyinin təntənəsidir

Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarının işğaldan azad edilməsi və BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb
edən məlum 4 qətnaməsinin icra edilməsi üçün Ermənistanla danışıqlar apardı. Təəssüflər olsun ki, bu
müddət ərzində aparılan danışıqlar heç bir nəticə vermədi, əksinə, Ermənistan tərəfi, vaxtı süni şəkildə
uzadaraq, münaqişənin həllini ləngitməyə, status-kvonu möhkəmləndirməyə və torpaqlarımızı hələ
uzun illə boyu işğal altında saxlamağa çalışırdı. Azərbaycan isə bu işğalla barışa bilməzdi və
barışmadı.
2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi, Ermənistanın qeyri-konstruktiv
mövqeyinin və davamlı xarakter alan hərbi və siyasi təxribatlarının nəticəsi idi. Azərbaycanın dövlət
başçısı İlham Əliyev dəfələrlə bəyan edirdi ki, bizim səbrimiz tükənməz və biz nəyin bahasına olursa,
olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan hərb yolunu heç bir zaman istisna etmirdi,
əgər Ermənistan münaqişənin sülh yolu ilə həllinə manelər törədərək dondurmağa çalışarsa,
Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazilərini işğaldan azad etmək haqqını hər
an yerinə yetirə bilər və bu belə də oldu: “44 gün ərzində davam edən Vətən müharibəsi qələbəmizlə
başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əsl
peşəkarlıq və misli görünməmiş qəhrəmanlıq göstərərək tarixi torpaqlarımızı Ermənistanın 30 illik
işğalından azad etdi. Ərazi bütövlüyümüz bərpa edildi, 30 illik Vətən həsrətimizə son qoyuldu.
Müasir tariximizə milli qürur günümüz kimi həkk olunan bu tarixi günlərimiz daim xatırlanacaq.
Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz bu sevinci və xoşbəxtliyi bizlərə yaşatdılar. Biz
hər zaman onlara borcuyuq və minnətdarıq”.
Bu tarixi qələbəmiz növbəti qələbələrimiz üçün əsas oldu və məğlub edilmiş Ermənistan
ordusu dizi üstə çökdürüldü: “Ermənistan, nəhayət, bütün məkrli niyyətlərinin puç olduğunu
gördükdən sonra 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktını - “Azərbaycan Respublikasının
Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin
Bəyanatı”nı imzalamağa məcbur oldu. Çünki Ermənistan ordusu artıq darmadağın edilmiş, gücü
tükənmişdi. Tariximizə “10 noyabr bəyannaməsi” adı ilə daxil olan bu sənədə əsasən Ağdam,
Kəlbəcər və Laçın bir güllə belə atılmadan, Ermənistanın təslimçiliyi nəticəsində işğaldan azad edildi
və Azərbaycana təhvil verildi. Bir sözlə, Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin
təntənəsidir və döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını
şərtləndirdi. Ölkəmizin şərtsiz hərbi üstünlüyünü təsdiq edən bəyanatın imzalanması Vətən
müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb, torpaqlarımız
işğaldan azad olunub”.
Artıq işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, dirçəldirilir, oradakı həyat şəraiti
bərpa edilir, məcburi köçkünlər öz yurdlarına geri qayıdırlar. Tarixi ata-baba yurdlarımız öz həqiqi
sahiblərinə qovuşub və biz orada əbədi olaraq yaşayacağıq.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar


08:17 10.11.2023