

Üç il əvvəl 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti
Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra hər üç
dövlərin başçısı birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu
müharibədə məğlubiyyətini rəsmiləşdirdilər. Məhz bu bəyanatla Ermənistanın Dağlıq Qarabağ regionunda
təxminən 30 il davam etmiş işğalına son qoyuldu. İmzalanan bəyanat, əslində, Ermənistanın kapitulyasiya
aktına imza atması idi.
Bununla da münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə
nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz
vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün
çıxış qrafikini təqdim etməyə məcbur oldu. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi
uğurlar əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda
Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq
bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Bəyanat
imzalandıqdan sonra həm də iki dövlət arasında sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya
yaradıldı.
44 günlük Vətən Müharibəsinin yekunu ilə regionda yeni realliqlar yarandı. Bu gün “Dağlıq Qarabağ
Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Azərbaycanın maraqlarına cavab verən
üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir
danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və bununla da “Böyük
Ermənistan” planı fiaskoya uğradı.
Bütün dünya üç il əvvəl Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyinin şahidi oldu. Vətən
müharibənin yekununda itirilmiş ərazilər tamamilə qaytarıldı. Uzun illər davam edən münaqişə başa çatdı və
torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf
edən şəkildə dəyişdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu
strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında,
həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt
məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam
edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı
digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd
şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaldı.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul
edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”
çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin
düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir. Müharibədən dərhal sonra
Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası üçün 1,3 milyarddan çox vəsait ayırmışdı və qısa müddət
ərzində işğaldan azad olunmuş şəhərlər və qəsəbələrdə bu vəsait hesabına quruculuq işləri aparılır, tarixi
abidələr, muzeylər, məscidlər və s. bərpa olunur. Azad edilmiş rayonlarda böyük ərazilərdə minlərlə
partlamamış hərbi sursat zərərsizləşdirilib və bu işlər davam edir.
Gələcəkdə isə bu ərazilərdə bərpa quruculuq işlərinin daha geniş vüsət almasının şahidi olacağaqıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada
Türk Dövlətləri Təşkilatının quruma üzv ölkələrin «Türk Əsri!» çağırışı altında 10-cu yubiley Zirvə
görüşündəki çıxışında bildirdiyi kimi: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan
işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq
Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ
dollarının ayrılacağı nəzərdə tutulur”.
Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş
məcburi köçkünlər – bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin
sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq