isaznow.com
Az Iw En Ru

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

Hər kəsə məlumdur ki, Azərbaycanın şanlı üçrəngli bayrağının tarixi uzun illər öncəyə 1918-ci
ilin 9 noyabr tarixinə dayanır. Bu tarixdə ilk dəfə olaraq Azərbaycanın Xalq Cümhuriyyətinin bayrağı
təsis edildi. Bu haqda ilk dəfə olaraq 1918-ci ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu
qərarda deyilirdi:  Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş
Azərbaycanın bayrağı kimi təsdiq edilsin.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli
Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin
suverenliyinin rəmzidir.
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət
rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan,
müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən
uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və
simvol bir özəl məna daşıyır. Bu rəngləri harda görsək ilk ağlmıza Vətən gəlir, bayraq gəlir.
Qanımıza, canımıza hopan torpaq qoxusu gəlir. Bayrağımız tarixin keşməkeşli yollarından keçib,
illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və
qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Bu gün ölkəmizin bütün guşələrində dalğalanan, dövlətimizin suverenlik rəmzi sayılan
bayrağımızın zəngin tarixi vardır. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında   hökümət
qərarı   1918-ci il noyabr ayının 9-da onun Bakıda fəaliyyətə başladıqdan sonra verilmişdir. Üç rəngli,
ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ümummilli liderimiz Heydər
Əliyevin səyləri nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və
Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali
Soveti  5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi
haqqında qərar vermişdir. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu daxili və xarici
siyasət aparılır. Bu siyasət nəticəsində bayrağımız beynəlxalq arenalarda dalğalanır. Biz də Cənab
Prezident İlham Əliyevin uğurlu siyasətini öz cəbhəmizdə də davam etdiririk. Şagirdlərimizi
vətənpərvər ruhda yetişdirərək, onlara bayrağımızı həmçinin, digər dövlət rəmzlərmizi habelə,
dövlətçiliyimizi üstün tutmağı aşılayırıq. Tədrisdən də öndə gələn tərbiyəni öz dövlətçilik
ənənələrimizə uyğun təbliğ etməliyik. Tək amalımız uğurlu Azərbaycanın gələcəyini qurmaqdır.
Gələcək nəsillərə əmanət edəcək dövlətimiz olduğunu unutmamalıyıq.
Babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda
minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız
millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında
özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Bu gün Azərbaycanın
hər yerində dövlət bayrağı dalğalanır. İşğaldan azad olunmuş torpaqlarımızda da Azərbaycan
bayrağının dalğalanması bizə qürur hissi yaşadır.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri


08:33 09.11.2023