

1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın
rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Dövlət Bayrağı Günü
ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə
gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Azərbaycanın
qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günü
Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev bununla bağlı dekabrın
3-də Sərəncam imzaladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi
Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm
müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər
Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini
deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli
məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik
ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin
davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan
Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.
Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə
bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də
rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü,
ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə,
Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir
daha təsdiqlədi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq
əzminin nümayişi oldu. 10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında
ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı
bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın
əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü
olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq,
bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə
dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm
etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi
bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi,
Ermənistanı məğlub etdi”. Hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin
müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin
məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında
qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc
hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali
tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə
bəslədiyi ehtiramın təzahürüdür. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44
günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü. Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala
hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o
cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər
həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv
etdilər. Torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu.
İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan
Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük
Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur
düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Bir sözlə, Xalq-
Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində
mühüm rola malik oldu. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı
ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş
antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və
düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah
edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin
reinteqrasiyası proseslərinə də start verildi. Ağdərədə, Xocavəndddə, Xocalıda və nəhayət,
Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndidə üçrəngli bayrağımızın dalğalanması
Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin
olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanımızın 15 oktyabr 2023-cü
ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən
bilirəm” ifadəsi sözün əsil mənasında qızıl sözlər kimi tarixə yazıldı.
Vurğun Əmirov,
Sabirabad rayonu Rüstəmli kənd Mədəniyyət evinin müdiri