isaznow.com
Az Iw En Ru

Xalqımız Vətən müharibəsindəki tarixi Zəfərin 3-cü ildönümü böyük təntənə ilə qeyd edir

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən bu savaş cənab Prezident İlham
Əliyevin qətiyyətli və əzmkar siyasətinin, Azərbaycan dövlətinin qüdrətinin, Silahlı Qüvvələrimizin
yüksək döyük qabiliyyətinin, oğullarımızın qəhrəmanlığının və xalqımızın milli həmrəyliyinin
təntənəsinə çevrildi. Bu savaş Azərbaycanı bütün dünyaya qalib dövlət, hər bir azərbaycanlını qalib
xalqın nümayəndəsi kimi tanıtdı.
Tarixi torpaqlarımız olan Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq
beynəlxalq ictimaiyyət, xüsusən artıq keçmişdə qalmış problemin həlli ilə məşğul olan təşkilatlar bu
məsələdə həmişə ikili standartlardan çıxış etdilər, həqiqəti deməkdən, işğalçını öz adı ilə çağırmaqdan
uzaq oldular. Təsadüfi deyil ki, 1992-ci ildən münaqişənin həllində vasitəsçilik missiyasını üzərinə
götürən ATƏT-in Minsk qrupu bir addım belə irəli gedə bilmədi. Hətta zaman-zaman Azərbaycana öz
milli maraqlarının əksinə olaraq güzəştə getməsi üçün təsir etməyə cəhd göstərdilər. Eyni zamanda
problemin həlli ilə məşğul olanlar düşünürdülər ki, zaman ötdükcə Azərbaycan xalqı reallıqlarla
barışacaq. Bu gün həm dönüb tarixə ekskurs edəndə, həm də Vətən müharibəsinin yaratdığı yeni
reallıqlar fonunda görürük ki, artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədri olmuş Fransanın
məqsədi əslində Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması imiş.
Lakin xalqımız reallıqlarla nəinki barışmadı, hətta günlərin birində torpaqlarımızın işğaldan
azad olunacağına inamını heç vaxt itirmədi. Bu inamını yaşadan isə Ulu Öndər Heydər Əliyevin
başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi qətiyyətli siyasət idi. Məhz bu
siyasətin göstəricisi kimi sülh danışıqlarında Ermənistanın və dünya erməniliyinin maraqlarına xidmət
edən təşəbbüslərin, o cümlədən Azərbaycana qarşı olan bütün təzyiqlərin və təsirlərin qarşısı alındı.
Buna görə xalqımız əmin idi ki, dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi,
yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək.
2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev  həmin il oktyabrın
31-də keçirilən andiçmə mərasimində demişdi: «Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının
işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq,
müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun,
azad edəcəkdir».
Prezident İlham Əliyev  sülh danışıqlarına sadiq qalmaqla yanaşı, ordumuzun döyüş hazırlığını da
yeni mərhələyə yüksəltdi. Silahlı Qüvvələrimizin bütün qoşun növlərində ən müasir çağırışlara uyğun
islahatlar həyata keçirildi, hərbi arsenalımız modern silah və texnika ilə zənginləşdirildi. Vətən
müharibəsinə qədər keçirilən paradları Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş imkanlarından
xəbər verdi. Bütün bunların fonunda Prezident İlham Əliyev hər zaman bəyan etdi ki, Azərbaycan
dövləti öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməsə və sülh danışıqları
nəticəsiz qalacaqsa, müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək.
Qeyd etmək lazımdır ki, Ermənistanın yürütdüyü siyasət artıq 2020-ci ilin payızına doğru sülh
danışıqlarını tamamilə mənasız etmişdi.  2020-ci ilin sentyabrın 27-də erməni silahlı qüvvələrinin
cəbhə xəttində törətdikləri növbəti hərbi təxribat isə hərbi əməliyyatları yenidən alovlandırdı. Həmin
gündən «Dəmir yumruq» əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını
qəhrəmancasına yerinə yetirməyə başladı. Bir-birinin ardınca kənd və şəhərlərimiz düşmən
tapdağından azad edildi. Qarabağın mirvarisi olan Şuşa şəhərinin işğaldan azad olunmasından isə 
Ermənistanın öz hərbi  məğlubiyyətini etiraf etməkdən və Azərbaycanın şərtlərinin yer aldığı 10
noyabr üçiərəfli Bəyanatını imzalamaqdan başqa yolu qalmadı. Beləliklə, 44 günə «dəmir yumruq»la
düşməni darmadağın edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabr ayının 10-
da Azərbaycanın tam Qələbəsini elan etməsi müasir tariximizin ən böyük hadisəsi oldu. Şuşa
şəhərinin azad edildiyi 8 noyabr tarixi isə cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan
olundu.
Bu il sentyabr ayının 19-20-də isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror
tədbirlərinin nəticəsi olaraq cəmi 23 saat ərzində Qarabağdakı erməni separatizminə birdəfəlik son
qoyuldu. Separatçı rejimin ləğv edilməsi ilə Azərbaycan dövləti bu ərazilər üzərində suverenliyini tam
bərqərar etdi. Bu separatizminə son qoymaqla Azərbaycan təkcə Ermənistana yox, həm də
torpaqlarımızda ikinci erməni dövlətini yaratmaq istəyən dünya erməniliyini, Fransanı, qərbin digər
siyasi dairələrini məğlub etdi. Bu hadisə bir daha göstərdi ki, heç bir xarici qüvvə öz milli maraqlarını
təmin edən Azərbaycanın qarşısını ala bilməz.

Biz bütün bu tarixi qələbələri, ərazi bütövlüyümüzün bərpasını şəhidlərimizin qanı,
qazilərimizin canı bahasına əldə etdik. Qarşıdan gələn Zəfər günü ərəfəsində bir daha şəhidlərimizi
ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.
Torpaqlarımızın işğaldan azaz edilməsindən və ərazi bütövlüyümüzün bərpa edilməsindən
sonra Azərbaycan öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas
göstəricilərindən biri işğal dövründə ermənilərin barbarcasına dağıtdığı, talan etdiyi torpaqlarımızın
sürətlə bərpa edilməsidir.  Artıq indiyə kimi Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux
kəndlərinin, habelə Füzuli və Laçın şəhərlərinin əhalisinin bir qisminin doğma yurdlarına dönüşü
təmin edilib. Cəmi 3 il ərzində görülən işlər təsdiq edir ki, Prezident İlham Əliyevin milli ideya elan
etdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpası qısa müddətdə başa çatacaq, azad edilmiş bütün
torpaqlarımızda yenidən həyat başlayacaq.
Vətən müharibəsindən sonra Azərbaycanın qədəm qoyduğu yeni mərhələnin digər göstəricisi
dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, qlobal nüfuzunun yüksəlməsi,  xalqımızın
dünyada qalib kimi tanınmasıdır. Bütün bunları təmin edən isə möhtərəm Prezidentmiz, Müzəffər Ali
Baş Komandan İlham Əliyevdir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin müdrik rəhbərliyi
ilə Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır!
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri


09:50 08.11.2023