

2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu Qarabağda erməni terrorçu qruplarına və
Ermənistanın işğalçı ordusunun tör-töküntülərinə qarşı lokal xarakterli antiterror tədbirlərinə başladı.
Təxminən 24 saata yaxın çəkən antiterror tədbirləri nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Qarabağ ərazisində olan terrorçu qruplaşmalar təslim olaraq, ağ bayraq qaldırdılar.
Azərbaycan tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri 2020-ci ilin sentyabr ayında
başlayan və 44 gün davam edən, II Qarabağ müharibəsinin məntiqi davamı idi. Onu da qeyd edək ki,
II Qarabağ müharibəsi Azərbaycan -Türkiyə münasibətlərinin daha geniş, daha böyük bir tərəfdaşlıq
mərhələsinə keçməsinə səbəb oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
qətiyyətli dəstək nümayiş etdirməsi, Türkiyə- Azərbaycan əməkdaşlığını xüsusi bir geostrateji faktora
çevirdi.
Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsini zəruri edən bir sıra səbəblər vardı.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının
təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapan əsas müddəalardan biri
Ermənistan silahlı birləşmələrinin qalıqlarının ərazilərimizdən çıxarılması idi. Təəssüflər olsun ki, 3
ilə yaxın dövrdə Ermənistan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirilməsi istiqamətində
səylər göstərməmiş, törətdiyi təxribatlarla hələ də 30 illik işğal dövrünün ab-havası ilə yaşadığını
təsdiqləmişdir. Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə
qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan
bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması,
separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin
yüksək peşəkarlığını nümayiş etdirdi.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və
necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və
ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamış, sonrakı 3 il
ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın
20-də öz məntiqi sonluğuna çatmışdır. Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə,
barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının
asılacağı günü yaxınlaşdırdı. 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan
Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə
Xankəndində Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və
8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə olmuşdur. 2023-cü il sentyabrın 20-də əldə
olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi
hadisədir.
Sübhan Xəlilov,
Sabirabad RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi