isaznow.com
Az Iw En Ru

İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5
şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin noyabrın 8-də işğaldan
azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına
görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı.
Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş
Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və
onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun
maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən
müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, bu il oktyabrın 20-də
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir
sıra obyektlərin  təməl qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir. Bu il daha bir neçə beynəlxalq
miqyaslı tədbir azad edilmiş ərazilərdə təşkil edildi. Buna misal kimi 2023-cü il sentyabrın 29-də Zəngilanda
BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər
iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci
Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Bu ildən etibarən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər
günlərinin keçirilməsinə başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd ediləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı
kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş
ölkənin birliyi və dostluğu  sarsılmazdır və bundan sonra belə də olacaq: “Mən bu gün fürsətdən istifadə edərək
Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü
bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları
çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın
təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli
gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə
səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda
bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə
artıq geniş inşaat və infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri,
hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu məsələlərdə hər bir
vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, bu il Şanlı Zəfərimizin 3-cü ildönümünü daha böyük sevinclə
qeyd edirik. Sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ
ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan
Ordusunun nəzarəti altına keçdi.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd
şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində,
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan
qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.
Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Ən qururverici
hadisə isə yəqin ki, noyabrın 8-də olacaqdır. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini –
Zəfər Gününü qeyd edəcəkdir. Zəfər Günü münasibəti ilə keçiriləcək hərbi parad isə Xankəndi şəhərində
olacaq, saha sonra isə bayram tədbirləri Şuşa şəhərində davam edəcəkdir. Hamımız bu günü səbirsizliklə
gözləyirik.
Rəfail Səfərov,
Sabirabad rayonu Gənclərin Kariyera və İnkişaf Mərkəzinin könüllüsü


12:47 07.11.2023