isaznow.com
Az Iw En Ru

Xətaidə gecəyarısı ağac qətliamı və qarşıdurma

Deputat İqbal Ağazadə böyük bir parkın məhv edilməsi prosesini durdurdu; məsələyə Hacıbala Abutalıbovun müdaxiləsindən sonra kəsilən ağacların yerində istirahət parkı salınmasına qərar verildi...

Noyabrın 2-də saat 02.41 radələrində deputat İqbal Ağazadə müsavat.com-u arayaraq, həyəcanlı xəbər verib. Deyib ki, hazırda onun seçiciləri yaşayan Xətai rayonu, İnqilab İsmayılov küçəsindədir: “Bu küçənin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq, ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır. Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldı. Lakin insanların həyəcanı davam edir”.

 
İ. Ağazadə deyib ki, bundan əvvəl də 24 böyük ağacı çıxartmışdılar: "O zaman mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və  Baş Prokurorluğa və DİN-ə müraciət etdim. Nəticədə, 35-ci polis bölməsində faktla bağlı araşdırma başladıldı. Lakin o, yarımçıq qaldı. Bu səbəbdən də, yenidən başlayıblar”. Deputat  müsavat.com-a deyib ki, bu işi qaranlıqda görüblər: “Küçənin işığı əvvəlcədən söndürülüb. Lakin camaat xəbər tutub və küçəyə axışıb. Bu zaman qarşıdurma olub və polis müdaxilə edib. Ağacları qıranlar  qaçıblar.  Ekskavator da, ağaclar da ortada qalıb ”. İ. Ağazadə deyib ki, bunu edən hansısa bir şirkətdir: “Sakinlər deyir ki, bu şirkət “Xalqlar dostluğu”ndakı yarmarkanın müdiri İman adlı iş adamınındır.  Bu ünvandakı ağacları niyə kəsirlər, bu barədə də sakinlərə məlumat verilməyib. Bu işlə ciddi məşğul olacam. Mətbuatdan da xahiş edirəm ki, mövzunu diqqətdə saxlasınlar”. Əhalinin etirazlarına polisin müdaxiləsi zamanı xəsarət alanlar olub. bu səbəbdən də əraziyə təcili tibbi yardım maşınları çağırılıb. 
 
Məsələ ilə əlaqədar səhər hadisə yerində olduq. Gərginlik nisbətən səngisə də, problem həll olunmamış qalırdı. Ərazidə məhv edilmiş ağacları kötükləri diqqət çəkirdi. Gecədən qalanmış tonqalın ətrafında toplaşan camaat rəsmi şəxslərin gəlişini gözləyirdi. Sakinlər bildirdilər ki, kimsə 60 sotluq bu ərazini 1,5 milyon manata alıb və parkın yerində 3 hündürmərtəbəli bina tikəcəyini deyib.    
 
Mahir adlı gənc dedi ki, onu tutub 35-ci polis bölməsinə aparıblar və orda döyüblər: “Dedilər sən polisi vurmusan. Hansı ki, mən gördüm ekskavatorçu texnikanı qadınların üstünə sürür, qaçdım ki, imkan verməyim. Bu zaman traktoru saxladı, düşüb qaçmağa başladı, mən onu tutub polisin yanına gətirdim, əvəzində özümü tutub apardılar”. Mahir gözünün üstündəki göyərmiş, qızarmış yerləri göstərib döyüldüyünü bildirdi. Dediyinə görə, saat 6-yadək bölmədə saxlanılıb, yalnız İ.Ağazadənin müdaxiləsindən sonra sərbəst buraxılıb. 
 
Sakinlər deyir ki, ağac kəsən dəstə bir qayda olaraq gecələr peyda olur və ağacları kəsəndən sonra aradan çıxarırlar. Hətta yolla paralel əraziyə torpaq daşınıb ki, burada avtomobillər saxlanılmasın. 
 
Sona Əhmədova “gecə saat 3-ə 5 dəqiqə işləmiş burda ağacları qırmağa başlayıblar. Burada 16 mərtəbənin yeri deyil. Biz park istəyirik, nəvələrimiz, qocalarımız oturmağa yer tapmır” dedi. Hicran Quliyeva “bizim istirahətimiz üçün heç bir şərait yoxdur, olanları da bunlar vəhşicəsinə qırdı. Yeganə ümidimiz prezidentimizədir” dedi. 
 
Könül Xudaverdiyeva isə “axşam İqbal müəllim gəlməsəydi, kişilərimizi qadınların əlindən ayırıb zorla polisə aparacaqdılar” söylədi. Ahilə Hüseynov görün buranı alan adam nə qədər harınlayıb ki, deyir “mən nə prezidentdən, nə deputatdan qorxmuram” söyləyir. 
Bir ağbirçək isə yana-yana “mənim torpağımı erməni almadı, elə belələri aldı” deyib kökündən çıxarılan ağacları göstərdi.
 
Ağsaqqallardan biri dedi ki, kəsilən ağacları 80-ci illərin əvvəllərində əkilib: “1980-ci ildə burda ilk üç bina tikildi, ağaclar da onda əkildi. Mən öz əllərimlə bu ağacları sulamışam. Bu zonada iki park salınmışdı. Yuxarıdakı parkı bundan əvvəl satdılar, kafe-restoran, qəssabxana tikildi, indi də bura keçiblər”.
 
Biologiya elmləri doktoru Telman Həsənov: “Mən 20 yanvarın şahidiyəm. Amma bu gecə baş verən faciə 20 yanvardan dəhşətli idi. O zaman üstümüzə gələn erməni, rus idi. Ancaq bu dəfə üstümüzə özümüzünkülər gəlmişdi. Bu qədər biganəlikmi olar? Gənclərimizi qorxudub içəri salırlar. Sabah onları Qarabağa, düşmən üstünə göndərə biləcəyikmi?” Telman müəllim dedi ki, buna qədər prezidentə qədər hər kəsə müraciət olunub: “Ancaq heç bir cavab yoxdur. Oktyabrın 25-dən bu xalq burdadır, küçədə”.
 
Tahirə Kərimova da ağac kəsənləri lənətlədi: “Mən şəkər xəstəsiyəm. Ağacların kəsilməsini görəndə elə pis vəziyyətə düşdüm ki, üstümə təcili yardım gəldi. Axı belə insanlıq olmaz. Bu ağacların nə günahı var? Bu ağacları biz öz əlimizlə əkmişik. Bura uşaq meydançası idi, sonra bir nəfər burda kafe tikdi, uşaqların “kaçeli”lərini, sürüşkənlərini qırıb atdılar. Amma yenə uşaqların əlindən tutub burda gəzdirirdik”. Şikayətçi dedi ki, geri çəkilmək fikrində deyillər: “Mehriban xanıma da teleqram vurmuşuq. Sabah üçün də (3 noyabr-E.P.) Mehriban Əliyevanın qəbuluna yazılmışıq. Əgər Mehriban xanım icazə versə ki, ağacları kəssinlər, onda çəkilib bir kənarda durarıq. Biz bir aydır tonqal qalayıb burda otururuq. Əvvəl 18 ağacı kəsdilər, sonra 4-ünü kəsdilər, bir dəfə də gəlib 3 ağacı yaraladılar, biz özümüzü yetirdik, qaçdılar. 26-sını kəsmişdilər, bu gecə də doğrayıblar. Üst-üstə 35 ağac kəsiblər. Bir “KAMaz” kəsilmiş ağacı aparıblar”.  Məlum oldu ki, ilk şikayətdən sonra hətta kənarda gətirib 15 şam ağacı da əkibmişlər. Amma kəsinti yenə də dayanmayıb.
 
Gecəni səhərədək sakinlərlə birgə keçirən deputat İqbal Ağazadə yenidən hadisə yerinə gəldi. Millət vəkili bu dəfə xoş xəbərlə gəlmişdi. Bildirdi ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, digər rəsmi şəxslərlə şəxsən danışıb: “Hacıbala müəllim söz verdi ki, burda heç bir tikinti olmayacaq, əvəzində ərazidə istirahət parkı salınacaq. Bir azdan yaşıllaşdırmaya məsul şəxslər də burda olacaqlar”. Yerli sakinlər bu sözləri alqışlarla qarşıladılar və əhval tamam dəyişdi. 
 
İ.Ağazadə əhaliyə müraciətlə tövsiyə etdi ki, sakinlər ona və müvafiq qurumlara burdakı özbaşınalıqlar haqda rəsmi müraciət etsin. Xoş xəbər alan sakinlər deputata minnətdarlıq etdilər və hətta alqışladılar da. Bildirdilər ki, əgər gecə yarısı İ.Ağazadə hadisə yerinə gəlməsəydi, burda çox ciddi qarşıdurmalar, xoşagəlməz hadisələr olacaqdı. Məlum oldu ki, bir neçə nəfər sakini millət vəkili şəxsən polisin əlindən alıb sərbəst buraxdırıb. 
 
Az sonra əraziyə gələn Bakı şəhərinin baş memarı Akif Abdullayev əraziyə baxış keçirdi. Həmçinin polisə aparılan zərərçəkənlə görüşdü. Ona Hacıbala Abutalıbovun ünvanına ərizə yazmağı tapşırdı. Dediyinə görə, bu faktla bağlı cinayət işi açılıb. Baş memar elə hadisə yerində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla şəxsən danışandan sonra əhalini nəticələrlə məlumatlandırdı: “Hacıbala müəllim sərəncamı dərhal ləğv etdirdi, tikinti-filan heç nə olmayacaq. Burda tikinti aparmaq istəyən adam bəlanı bundan sonra çəkəcək. Burdakı işlər onun başında partlayacaq. Eyni zamanda əmlak da bu özəlləşməyə görə problem yaşayacaq, digərləri də”.
 
Saat 15 radələrində ərazidə qanunsuz zəbt olunmuş ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırma işlərinin aparıldığı barədə lövhə vuruldu və yaşıllaşdırma əməkdaşları tərəfindən 100-dək ting basdırıldı. 
 
Mövzunu diqqətdə saxlayacağıq. 

 


01:45 03.11.2014