

Noyabr ayının 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının quruma üzv ölkələrin
«Türk Əsri!» çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın,
Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri
Təşkilatının Astanada keçirilən bu Sammitdə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm
məsələlər müzakirə olunub. Sammitdə türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük
sahələrində əməkdaşlıq məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında
çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Dünyada və regionda baş verən siyasi və iqtisadi
hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sammitdə bir sıra
müvafiq qətnamələrlə yanaşı, Astana Aktı qəbul olunaraq, Astana Sammiti Bəyannaməsi imzalanıb. Zirvə
görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu görüşdə iştirak edərək çıxış edib. Həmçinin səfər çərçivəsində ölkə başçısının Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
2009-cu oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə qəbul
olunan Bəyannamə əsasında yaradılan Türk Dövlətləri Əməkdaşlıq Şurası beynəlxalq təşkilat kimi türk
dünyasının birliyinin möhkəmlənməsində önəmli inkişaf yolu keçdi. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT)
kimi fəaliyyətini müasir dövrün tələblərinə uyğun, geniş miqyasda davam etdirən qurum beynəlxalq
əhəmiyyətli mühüm siyasi, iqtisadi, humanitar məsələlərin müakirəsində iştirak edən və fəaliyyəti
dəyərləndirilən təşkilat kimi tanınır.
Bununla da böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən
türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin,
kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün əlverişli
imkanlar yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın
3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki: “Türk dövlətləri ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”. Etnik və mədəni
köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin
başçısı bildirib ki: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə
əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız
beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Dövlət başçısı öz çıxışında qeyd edib ki: “Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard
ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir”.
Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan
dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf
Fondu təsis olunub. “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında
Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Həmçinin bildirilib ki, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer
tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi
özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini
verir.
Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan
türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Bu ilin fevral ayında Türkiyədə
baş verən dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan
Azərbaycan türk birliyinin sarsılmazlığını göstərdi.
Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri,
mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə
reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin
ön planda göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin
açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların
cəhdlərinin əsassız olduğunu təsdiqləyir.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi