isaznow.com
Az Iw En Ru

Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensial var

Son  20 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox
artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Xarici
sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması  əsas prioritetlərimizdən biridir. Çünki
uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu,  enerji sahəsində istədiyimizə nail
olmağa imkan verdi. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac
edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Hər bir yeni stansiyanın
inşa olunması ixrac imkanlarımızı da artırır.
2020-ci il  yanvarın 9-da  Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “Masdar” şirkəti tərəfindən
230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu
istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji”
ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası
layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma
müqaviləsi” imzalanmışdır. Nəzərdə tutulan 230 MVt gücündə günəş elektrik stansiyasının Ələt qəsəbəsindən
9 km şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılmışdır.
2022-ci ilin 15 mart tarixində  Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika
və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa
ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Artıq
bu il oktyabarın 26-da Elektrik Stansiyasının açılışı keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki  çıxışında bu mühüm məqamı da xüsusi
qeyd etdi ki, bu gün üç investisiya sazişi imzalanacaq. Planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata
qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam
bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.
Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq
ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu,  təkcə Azərbaycanın gələcək
inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür.
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Statistik rəqəmlərə
diqqət yetirək. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə
157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3
000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt
həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına
baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət
mərkəzində olub.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl
hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Bu gün dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox
maraqlıdırlar. Yaxın gələcəkdə yeni layihələrin başlanmasına start veriləcək. Böyük potensial işğaldan azad
edilmiş ərazilərdədir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji  zonası elan edilib. Azad olunmuş 
ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir.
Postmüharibə dövründə Şuşada, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Qubadlıda
yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik stansiyalarının istifadəyə verilməsi, habelə “Yaşıl
enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına
zəmin yaradır.
Oktyabrın 26-da keçirilən açılış mərasimindəki çıxışında Azərbaycanın enerji dilomatiyasından,
qarşıya qoyulan hədəflərə, planlara zamanında nail olduğumuzu əsaslı şəkildə diqqətə çatdıran  dövlət başçısı
İlham Əliyev bildirdi ki, növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini
təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Ölkəmizin təbii sərvətlərinin
istifadəsi üçün böyük potensialın olduğunu bildirən  dövlət başçısı külək enerjisinin potensialını xüsusi
vurğuladı. Qeyd etdi ki, külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi
olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı.
Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir
ki, bu potensial buradadır. Bərpa olunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza
qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi


09:49 31.10.2023