isaznow.com
Az Iw En Ru

Azərbaycan iştirakçısı olduğu enerji layihələri ilə mövqeyini daha da möhkəmləndirir

2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun
olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot
layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan
Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya
müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”
imzalanmışdır. Nəzərdə tutulan 230 MVt gücündə günəş elektrik stansiyasının Ələt qəsəbəsindən 9
km şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılır.
İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt·st elektrik enerjisi istehsal
olunacaq, bu isə ildə 110  milyon kub metr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon
emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə
imkan verəcəkdir. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir və tam olaraq
xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2022-ci ilin 15 mart tarixində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin
energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən
Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimi keçirilmişdir.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə
Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin
imzalanması mərasimi olub. Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov,
SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi
“Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti
arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik
Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu
Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar
rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan
Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında
Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı
İnvestisiya müqaviləsi”ni imzaladılar.
Ən əsası düzgün müəyyələşdirilən siyasətin nəticəsi olaraq qısa müddətdə böyük investisiyalar
məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da
möhkəmləndirir. Prezident İlham Əliyev “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük
yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət
ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox
qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” fikirləri ilə ölkəmizin gələcək iqtisadi inkişafının real
mənzərəsini təqdim etdi.
Rasim Ağayev,
Sabirabad rayon Təmir-Tikinti İdarəsinin rəisi


21:48 30.10.2023