isaznow.com
Az Iw En Ru

Yaşıl enerjiyə keçid prosesi sürətlənir

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış
mərasimində Prezident cənab İlham Əliyev son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına
Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyacın olduğuna diqqət çəkdi. Məlum olduğu kimi
Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik
enerjisi ixracatçısıdır. Azərbaycan neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat
olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi ölkəmiz neft və
qazı müxtəlif istiqamətlərə ixrac edir. Azərbaycanın bu istiqamətdə əsas məqsədi daha geniş regionun
enerji təhlükəsizliyinə əlavə  töhfə verməkdir. Odur ki, əsas daşıma infrastrukturu, Xəzər dənizindəki
yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində ölkə başçısı onu da vurğuladı
ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla
fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Bir neçə aydan sonra
yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və
istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-
iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün
texniki-iqtisadi əsaslandırma hazırlanır.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi effektiv siyasət və siyasi iradəsi, eləcə də
cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır. Qaradağ Günəş Elektrik
Stansiyasının istismara verilməsi də buna bariz nümunədir. Abşeron yarımadasının boş hissəsinin
yaşıl enerji mənbəyinə çevrilməsi əlamətdar nailiyyətdir. Qaradağ Günəş Elektrik Stansiyası regionda
ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Belə ki, “Azərbaycan
Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında
imzalanmış müqavilələrə əsasən Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda
Günəş elektrik stansiyaları, həmçinin Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi stansiyası
yaradılacaqdır.  Nəticədə isə 1 qiqavat bərpaolunan enerji istehsalı mümkün olacaqdır. Bir sözlə,
Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan
yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib.
Bütün bunlar isə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq
nümunəsidir.
Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev
onu da diqqətə çatdırdı ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan
olunub. Həmçinin Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik
stansiyaları ilə məhdudlaşmır. Hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji
potensialı fəal şəkildə inkişaf etdirilir ki, bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə
olacaqdır.
Niyaməddin Məmmədov,
Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri


19:47 30.10.2023