

Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda dantiterror əməliyyatlarından sonra bölgəyə baxış zamanı aşkar olunan TOS-1A “Solntsepyok” ağır odsaçan sisteminin bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən aşkar olunan silahların növləri və istehsal müddəti barədə geniş məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistana tədarük edildiyi və oradan isə Qarabağa gətirildiyi müəyyən edilib:
“Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur”.
Maraqlıdır, bu silahlar hansı ölkə tərəfindən istehsal olunub? Erməni separatçıları bu silahları Laçında hansı gizli yollar vasitəsilə rus sülhməramlıların müvəqqəti nəzarəti altında olmuş əraziyə gətirdib? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hərbi ekspert Elxan Şixəliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, rus sülhməramlıları erməni separatçıların qeyri-qanuni əməllərinə himayə ediblər:
“Adıçəkilən bu silahların hamısı Rusiya istehsalıdır. Bu silahlar İran ərazisi üzərindən Ermənistana gətirilird və oradan isə Qarabağa göndərilirdi.
Xatırladım ki, İkinci Qarabağ müharibəsindən ötən iki il ərzində, yəni 2023-ci ilin aprelin 23-dək Laçın yolu tamamilə nəzarətsiz idi. Belə olan halda erməni separatçıları istədikləri silahları və sursatları bu yolla Qarabağa gətirtdilər.
Rus sülhməramlıları da onların davranışlarına və hərəkərlərinə göz yumurdu. Çünki sülhməramlıların rəhbərliyi bölgədə erməni separatçıların qalmasında və qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətində maraqlı idi.
Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın silah anbarında qalan silahları da Qarabağdakı erməni separatçılarına göndədi. Təbii ki, müxtəlif tarixlərdə istehsal olunan müxtəlif növ silah və sursatlar yük, eləcə də mülki maşınlarının görünməyən hissələrində gizlədilərək Qarabağa daşınırdı.
Bəzi məlumatlara görə, erməni separatçıları bu daşımalarda tibb maşınlarından da istifadə edirdilər. 44 günlük müharibə dövründə erməni silah anbarında olan əsas silah komplekslərini istifadə edib bitirmişdilər. Müharibədən sonra iki il ərzində rus sülhməramlıların köməkliyi ilə erməni separatçıları silah anbarlarının müəyyən hissəsini silahla doldurdular. Məhz rus sülhməramlıları erməni separatçıların qeyri-qanuni əməllərinə bilərəkdən göz yumublar.
Antiterror əməliyyatlarından sonra yeni silahların aşkar olunması sülhməramlıların öz öhdəliklərini yerinə yetirmədiklərini sübut edir. Lakin bu ilin aprelin 23-də Azərbaycan rəhbərliyi tərəfindən Laçın yolunda nəzarət-keçid məntəqəsinin əsası qoyulduqdan sonra qeyri-qanuni şəkildə silahların daşınmasına son qoyuldu”.