isaznow.com
Az Iw En Ru

Azad Zəngilan sürətlə bərpa edilir

Bu gün - oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür. Azərbaycanda Zəngilan Şəhəri Günü ilk
dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı  sərəncama  əsasən, hər il oktyabrın 20-
də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin
işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 20-də şəhərin erməni
işğalçılarından təmizlənməsindən 3 il ötür.
2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.
Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun
Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun
Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşlinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni
işğalçılarından təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə
nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı
müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə
təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak
edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan
azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı
Azərbaycan bayrağını ucaldıb.
Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq
yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla
həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad
olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda “ağıllı kənd” konsepsiyası
əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu.
Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda
davam etdirilir.
2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı
kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı
kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və Birinci vitse-
prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. Ötən il oktyabrın 20-də Zəngilan
Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan aeroportuna
Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa
edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Bundan əvvəl isə Füzuli
Beynəlxalq Hava Limanı istifadəyə verilib. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərdə
daha bir hava limanı isə Laçın rayonunda inşa edilir.
Prezident İlham Əliyev 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfər edib. Dövlət
başçısı rayonun  Alıbəyli ,  Zəngilan  kəndlərinin, şəhərdə salınacaq  2-ci ,  3-cü  və  4-cü  yaşayış
komplekslərinin və 160 yerlik  uşaq bağçası nın təməlini qoyub. Bundan əlavə, Prezident Zəngilan
şəhər  məscid ində görülən işlərlə tanış olub,  Zəngilan Konqres Mərkəzi Kompleksi nin
və  “Cahangirbəyli” Su Elektrik Stansiyası nın açılışında iştirak edib. Azərbaycan lideri sentyabrın 29-
da isə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri
çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə
mübarizə aparan qüvvəsi kimi” mövzusunda  2-ci Milli Şəhərsalma Forumu nun açılış mərasiminə
qatılıb.
Bu il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının

ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma
Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə
sahilbərkitmə tədbirləri layihələrinin  təməlqoyma mərasimi  keçirilib və tikinti işlərinə başlanılıb.
Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən
tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin
asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış
məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin
sayı ən azı 1 100 təşkil edəcək.
Xatırladaq ki, 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi
infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə
bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə
lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş
vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən
ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu
bərpa edilib. Hazırda Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


10:03 21.10.2023