isaznow.com
Az Iw En Ru

20 oktyabr Zəngilan şəhəri günüdür

44 gün davam edən Vətən müharibəsinin şanlı Zəfər günlərindən biri olan 20 oktyabr  2020-ci
il tarixində Zəngilan şəhəri erməni işğalından azad edilmişdir. Cənab Prezidentin tarixi qələbəmizi və
şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər
günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr  Zəngilan şəhəri günü kimi tariximizə
yazılmışdır.
Zəngilan rayonu Zəngəzur qəzasında yerləşirdi. 1920-ci il 28 aprel tarixində bolşevik
işğalından sonra Zəngəzur qəzasının yuxarı hissəsi bolşevik Rusiyasının təkidi ilə Azərbaycanın
əlindən alınaraq, Ermənistana birləşdirildiyindən, Zəngəzurun yalnız Laçın, Qubadlı və Zəngilan
bölgələri Azərbaycanın tərkibində qalmışdır. Zəngilan təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə
olduqca zəngin rayonumuzdur. Zəngilanın mineral suları, qızıl yataqları, mərmər yataqları, çinar
meşələri rayonun təbii zəngiliyindən xəbər verir. Qarabağ bölgəsində yerləşən digər qədim
rayonlarımız kimi Zəngilan həm də tarixi-dini, memarlıq abidələri ilə məşhurdur.
Zəngilan həm İranla, həm də Ermənistanla həmsərhəd olduğu üçün həmişə ölkəmiz üçün
böyük strateji əhəmiyyət daşımışdır. Çox təəssüf ki, belə mühüm strateji mövqedə yerləşən, təbbi və
faydalı qazıntılarla zəngin olan rayonumuz 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmışdır.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar tam mühasirəyə düşmüşdür,
mühasirəyə baxmayaraq  zəngilanlılar bütün qüvvələri ilə ermənilərlə vuruşmuş, lakin tam mühasirə
şəraiti sonda Zəngilanın da işğalına səbəb olmuşdur. Rayonun Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş,  ölkəmizin digər
şəhər və rayonlarında məcburi köçkün həyatına məhkum olmuşdur. Zəngilanın işğalı həm də rayonun
faydalı qazıntılarının, təbii sərvətlərinin, erməni vandalları tərəfindən qanunsuz olaraq vəhşicəsinə
istismar edilməsinə, təbiətə külli miqdarda ziyan vurulmasına, ağacların-meşələrin qırılması, çayların
çirklənməsinə gitirib çıxarmışdır. Rayon ərazisindən axan Oxçuçayın çirkləndirilməsi tək ölkəmiz
üçün yox, bütün region üçün böyük ekoloji fəlakət kimi qiymətləndirildiyindən dəfələrlə beynəlxalq
platformalarda dilə gətirilmişdir.
44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi
Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun hüdudlarına çatmasına şərait yaratmış və
Ordumuz uğurla həyata keçirilən Arazboyu döyüş əməliyyatlarından sonra erməniləri Zəngilanda ağır
məğlubiyyətə uğradaraq rayonu azad etmişdir. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran
sərhədi tam bərpa edilmiş, Ordumuz cənub hissədə Ermənistanla sərhədə çıxmışdır.
Əlbəttə, bu döyüşlər və qələbələr itkisiz başa gəlməmişdir. Vətən Müharibəsi başa çatdıqdan
sonra Zəngilan uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi
qulluqçularımız dövlət tərəfindən təltif edilmişdir. 6974 hərbi qulluqçumuz “Zəngilanın azad
olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Müharibənin bitməsindən sonra bu günə kimi Zəngilanda təmir-bərpa, quruculuq işləri böyük
sürət və keyfiyyətlə aparılır. İlk “ağılı kənd” pilot layihəsi məhz  Zəngilanda icra edilib, Ağalı
kəndində 200 evdən ibarət kənd salınıb və məskunlaşmağa başlanıb.  Kəndin davamlı
genişləndirilməsi, əlavə evlərin və infrastruktur obyektlərinin inşa edilməsi nəzərdə tutulur.
Zəngilanın nəinki ölkəmiz, bütün region üçün böyük nəqliyyat-logistik əhəmiyyəti var.
Rayonda artıq hava limanının tikintisi başa çatıb. Təməli qoyulan avtomobil və  dəmir yolu
layihələrinin böyük strateji əhəmiyyəti var. Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizinin
açılmasına nail olmaq hazırda üzərində çalışdığımız ən mühüm işlərdən biridir.  Cənab Prezident
Zəngəzur dəhlizinin açılması üçün böyük əmək və əzm nümayiş etdirərək hər fürsətdə, iştirak etdiyi
hər beynəlxalq platformada Zəngəzur dəhlizinin açılmasının bölgə üçün əhəmiyyətini, həm iqtisadi,
həm tranzit baxımından regionumuza yeni imkanlar gətirəcəyini vurğulayır.
Şübhəsiz ki, Ordumuzun Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror
tədbirləri nəticəsində separatçıların təslim olması, ərazilərimizdə qanunsuz yerləşdirilmiş silahlı
birləşmələrinin zərərsizləşdirilməsi  Zəngilan da daxil olmaqla bütün regionun sabitliyinə və
inkişafına daha əlverişli şərait yaradacaq. Düşünürəm ki, bölgədə bərpa edilən sabitlik və sülh
Zəngəzur dəhlizinin açılmasının sürətlənməsinə də yardım edəcək.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


09:02 21.10.2023