isaznow.com
Az Iw En Ru

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz
qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ  şanlı zəfər yürüşünədək Prezident, 
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə
məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin “Aprel dərsi”ndən  düzgün
nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki: “Azərbaycan inkişaf edəcək və biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik!”
2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün şahidinə çevrildik.
Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim
yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi  27 il Ermənistan silahlı birləşmələrinin
nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi
Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət vahiməli, əjdahaların və
digər sehrli canlıların yaşadığı yer kimi görünüb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar
təsdiqləmişdi ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq
məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685
çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20
kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz
və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100
nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə
itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində
Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi. Ulu Öndər Heydər Əliyevin bir
çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun müəyyən hissəsi,  sonradan isə Lələtəpə yüksəkliyi,
Cəbrayılın Cocuq Mərcanlı kəndi, daha sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbə!
İndi Füzuli yenidən qurulur. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə
Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər
yolunun təməli qoyuldu.
Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində  Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-
Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli”
yarımstansiyasının açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olub.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox  keçməz ki, bu diyarımız
cənnət məkana çevrilər.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri


21:05 17.10.2023