isaznow.com
Az Iw En Ru

Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq

Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı,
Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun
Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər
rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli
avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan dövlət başçısı öz
çıxışında bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident
seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki,
Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın
ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam
ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Bəli, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq
Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə,
daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin
müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və
hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü iqtisadiyyat yaradıldı və son 20 il ərzində bu
istiqamətdə əldə edilən uğurlar nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı.
Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına imkan verdi. Bu gün Azərbaycan
Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi
dövründə sübut etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına imza atmağa
məcbur edildilər. Bu ilin sentyabrın 19-da cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycan
Ordusunun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə
də biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
20 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad göstərdi və artıq 20 ildir ki,
Azərbaycanın Prezidenti olan İlham Əliyev ona olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi
söz əməl etdi. Vətən müharibəsindəki Qələbədən 3 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib,
torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı
dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir.
Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri
olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən
sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


16:58 17.10.2023