isaznow.com
Az Iw En Ru

Axar.az saytı 1 yaşını qeyd etdi

Dünən ölkə mediasının ciddi və populyar saytlarından biri olan Axar.az öz 1 illik yubileyini "Neon" şadlıq sarayında qeyd edib. 

Əməkdaşımızın verdiyi məlumata görə, tədbiri saytın baş redaktoru Anar Niftəliyev açaraq saytın təsisçisi Aynur Camalqızına, saytın kollektivinə təşəkkürünü bildirib. O, saytın yeni işə başladığı vaxt bu media qurumunun ayaq tutub dirçəlməsində rolu olan musavat.com. Aznews.az, qaynar.info kimi saytların dost köməyini qeyd edib. 
 
Tədbirdə çıxış edənlər son bir ildə geniş oxucu auditoriyası  toplamış Axar.az-a ziyarətçi sayını daha da genişləndirməyi, hətta musavat.com-a çatıb, onu ötməyi arzulayıblar. 
 
Musavat.com saytının təmsilçisi Xalid Kazımlı isə Axar.az-a uğurlar arzulayaraq bildirib ki, hər yeni açılan sayt medianın, dördüncü hakimiyyətin güclənməsi, istedadlı yazı-pozu adamlarının iş tapması deməkdir, ona görə də onların ayaq tutmasına yardım göstərmək stajlı media qurumlarının borcu, vəzifəsidir. 
 
Qeyd edək ki, Axar.az saytı geniş kollektivə malikdir və onun rəhbərliyində Anar Niftəliyev, Pərviz Cəbrayıl kimi ölkə mediasınnı tanınmış isimləri çalışırlar. Sayt operativliyi ilə fərqlənir, sutkanın böyük kəsimində onlayn rejimində işləyir, ölkədə, regionda, dünyada baş verən olay və proseslərə dair yazıları öz oxucularına çatdırır.
 
Həmkarlarımızı təbrik edirik, onlara daha da böyüməyi, sağlam rəqabət müstəvisində uğurlar qazanmağı arzu edirik.
 
                                                                                                                      Musavat.com

 


19:31 02.11.2014