

Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan
dövlətdir. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün
seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs
verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda
seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin
davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin
Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu
siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha
sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu
göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək
inkişafına, çiçəklənməsinə töhfə verib. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən
müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın
təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində
uğurlu işlər görülüb. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi
nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi
imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu
xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra
problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı
halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Ötən
illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.Bölgəmizdə
reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının
nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin
xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında
həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-
ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu
keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin
yaradılmışdır. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər
sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici
qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın
dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq
və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət
nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq
təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu
Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunu və qüdrətini göstərir.
Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və
Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Artıq bu layihələr reallığa çevrilib. Bununla
da, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub
Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında
yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha
təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı
Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya
bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail
olundu.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər,
silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin
aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə
sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən
güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər
görüldü. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının
sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış
xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik
olan dövlətə çevrildi. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycanı Qafqazda söz
sahibinə çevirmişdir. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə artmışdır. Sosial infrastruktur
inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir edilmiş, bölgələrdə idman
infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı
mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş,
Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat
infrastrukturu sürətlə inkişaf etmişdir. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli
maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşübdür. Prezident İlham
Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb
olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə
yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin
reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən
dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif
sahələri ilə bağlı konkret proqramlar icra olundu.
Tariximizə qızıl hərflərlə yazılmış zəfər tariximiz, qələbə salnaməmiz məhz dövlət başçısı,
müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik gərgin əməyinin, müdrik və məqsədyönlü
siyasətinin, peşəkar və qüdrətli ordu quruculuğu prosesinin nəticəsi idi. 2020-ci ilin 27 sentyabrında
başlanan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan
azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qalibiyyət ədalətin, eləcə də Ermənistan tərəfindən
pozulmuş beynəlxalq hüququn təmin edilməsi idi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi
Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və
sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq”
əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Artıq qürurla və fəxarətlə bəyan edirik ki,
30 illik Vətən, torpaq həsrətimizə son qoyulub, biz ata-baba yurdlarımıza qovuşmaqla yanaşı, milli
qürurumuzu özümüzə qaytarmışıq. Sevindirici haldır ki, artıq həmin ərazilərimizdə quruculuq və
abadlıq işləri çox böyük sürətlə davam etdirilir. Ötən ay ordumuzun 24 saatlıq antiterror əməliyyatı
nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz
suverenliyini tam təmin etdi.
Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın
beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da
möhkəmlənəcəkdir. Tam əminliklə demək olar ki, xalq-iqtidar birliyinin qarşılıqlı inamı sayəsində
Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə
aparacaq və müstəqil Azərbaycan yeni-yeni zəfərlərə imza atacaqdır.
Məcnun Vəliyev,
Dövlət Sığorta Agentliyinin Sabirabad rayon şöbəsinin müdiri