

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər
sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Düz 20 il
əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu
Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verərək İlham
Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər
bir vətəndaşın Prezidenti olacağına, düşmən işğalı altında qalan torpaqlarımızı azad edəcəyinə söz
verən cənab İlham Əliyev vədinə əməl etdi. Xalqımız müasir dünya liderləri arasında yüksək
intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider kimi
yazılan Prezident İlham Əliyevin siyasi kursunu, qələbə strategiyasını birmənalı olaraq dəstəklədi.
2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş dövrü kimi daxil oldu. Bu dövrdə ümumi daxili məhsul
3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artdı, maliyyə
imkanlarımız əsaslı şəkildə yaxşılaşdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft
sektorunun xüsusi çəkisinin artırılması ilə bağlı müəyyənləşdirdiyi siyasət öz nəticələrini verdi.
Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Nəhəng infrastruktur
layihələri həyata keçirildi.
Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün
dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin
qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin
olmaqdan ötrü növbədənkənar Prezident seçkilərinin keçirilməsi zəruri idi. Bununla yanaşı, yaranmış
mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik
addımların atılmasını labüd etmişdi. Bu mənada 2018-ci il aprel ayının 11-də keçirilmiş
növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın sədri İlham
Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq
əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2018-ci ilin Prezident
seçkilərinin nəticələri xalqın iradəsini əks etdirirdi. Azərbaycan xalqı görülən işlərə səs vermişdi.
Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü
yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri
ilə üst-üstə düşmüşdü.
Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində
mövqelərini daha da möhkəmləndirmiş, ölkənin enerji resurslarının dünya bazarlarına səmərəli və
əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirilmiş və şaxələndirilmiş
nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb etmişdir.
2018-ci ilin aprel ayında seçkilərdən dərhal sonra Prezident İlham Əliyev “Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə
görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması
haqqında” Fərman imzaladı. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə on bir min manat
məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdu. Cənab İlham Əliyev yenidən
Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yenilənmələr baş
vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək
vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının
çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Ötən dövr ərzində qaçqınların və
məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addım atıldı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını
artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici
siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan
dövlətə çevrildi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq
münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji
tərəfdaş imici qazandı. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində son 5 ilin fundamental
nailiyyətləri Azərbaycanı Qafqazda söz sahibinə çevirmiş, ölkəmizin turistlərin və sahibkarların üz
tutduğu ilk sıralarda yer almasına nail olmuşdur. Bu müddət ərzində maaşlar, pensiyalar dəfələrlə
artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən məktəb, xəstəxana binaları tikilmiş, təmir
edilmiş, bölgələrdə idman infrastrukturu yaradılmışdır. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik
indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə
inkişaf etmiş, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və
nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü
milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşübdür. Bu dövr
ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi
ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti
nəticəsində də 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız
azad edilib. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi
bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.
Prezident İlham Əliyevin 20 illik gərgin əməyi və Ordumuzun rəşadəti nəticəsində
Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi
tanındı. Dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və
kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə
qaytarılması dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru