isaznow.com
Az Iw En Ru

Uğurların əsasında duran siyasi peşəkarlıq və milli maraqlar

Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə
etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer
alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik etmiş dahi siyasətçinin, Ümummilli Lider
Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan
çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də İlham Əliyevi Prezident seçməklə öncə Heydər
Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə
sevgisini və inamını bir daha sübut etdi. Prezidentliyinin ilk ilindən etibarən ölkə başçımız dayanıqlı
inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da
möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin
milli maraqlarının qorunması dayanırdı.
XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş müdrik xalqımız taleyini
məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. “Əsl siyasət – konkret, real iş
görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə
sadiq qalaraq ötən 20 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu
sübuta yetirmişdir.
Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da
zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və
bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan
dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur.
Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son illərdə Azərbaycanın bölgədə və
dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin
reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya
imkanları genişlənmişdir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”
nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş,
bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni
zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası
magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.
Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata
keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və
müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca
istiqamətlərindən birini təşkil edir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin
və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan dövlətinin
həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi
Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada
sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik
fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Ötən 20 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində
olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu
illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik
siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə
ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş
aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda

dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq
artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.
44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu.
Doğrudur,  2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin
vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən
müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın
olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.
Bu il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu tərəfindən zəruri olan tədbir – Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri
keçirildi. Azərbaycan ordusu cəmi bir gün ərzində lazımi addımlar ataraq düşməni layiqincə
cəzalandırdı, qarşıda duran bütün vəzifələr   yerinə yetirildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının
lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən
şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın
evlərinə qaytarılmasıdır.
Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə səfər edir və burada görülən işlərlə
yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət
qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar
sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata
keçirilir. Ölkə başçısı qeyd etdiyi kimi “bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin
vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait  Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər
kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans
yaradılıb”.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri

 


09:15 15.10.2023