

Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edib.
Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının
53-cü iclası keçirilib. Belə bir tədbirin məhz Bakı şəhərində keçirilməsi ölkəmizə olan inam və
etimadın bir təzahürüdür.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin
təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.
Görüşdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan xüsusi xidmət
orqanlarının və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbərləri iştirak ediblər.
Görüşdə qeyd edilib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.
Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ölkələrin xüsusi xidmət
qurumları arasında sıx təmaslar mövcuddur. Hazırda dünyada təhlükəli tendensiyala və təhdidlər artır
və yeni qeyri-sabitlik ocaqları yaranır. Buna görə də qurumlar arasında daim operativ informasiya
mübadiləsi aparmaq zəruridir. Bu gün informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya
verilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycanın Qarabağ bölgəsindəki münaqişənin kökləri və tarixinə toxunan Prezident İlham
Əliyev bildirdi ki, illər boyunca Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə
çalışıb. Ölkəmiz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak
edib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan
ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə
yerinə yetirilmədi, kağız üzərində qaldı.
Öz fəaliyyəti ilə rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın
təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun
tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən
İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycan əzəli torpaqlarını işğaldan
azad etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir
Vladimiroviç Putinin vasitəçiliyi ilə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də
işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı
kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.
Lakin buna baxmayaraq münaqişə tam həllini tapmadı, bölgədə qanunsuz silahlı qüvvələrin
qalması, erməni tərəfinin provokasiyaları, ərazilərdə davam edən mina terroru davam edirdi. Bununla
əlaqədar Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam edirdilər.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak
olub və ağır şəkildə yaralanıblar. Azərbaycan buna göz yuma bilməzdi.
Həmçinin sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları
“seçki” keçirdilər və özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar
edilməsi demək idi. Ona görə də sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirərək öz
suverenliyini tam şəkildə bərpa etdi. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində
Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent
silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Antirerror tədbirlərinin dayandırılmasından dərhal sonra bölgədə reinteqrasiya proseslərinə
başlanıldı. Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşlər keçirildi. Bu gün həmin ərazılərdə
müvafiq tədbirlər həyata keçirilir və onlar davamlı şəkildə genişləndiriləcəkdir.
Görüşdə vurğulanıb ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ
müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib.
Beynəlxalq ekspertlər bunun şahididirlər. 30 ildən sonra artıq iki dəfə azad edilmiş ərazilərdə səfərə
gələn BMT missiyası məhz bütün humanitar normalara əməl olunduğunu vurğulayıblar.
Qeyrət Şükürov,
Sabirabad rayonu Nizami bələdiyyəsinin sədri