

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan
dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə
qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət
quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və
qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq
lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə
yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc
sahibidir.Azərbaycan qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən
addımlar atılmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir.
Prezident cənab İlham Əliyevin cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının
Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubda söylənilən fikirlər mühüm
siyasi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev iclas iştirakçılarına ünvanladığı məktubda
bildirmişdir ki, “Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində
keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası münasibətilə Sizi səmimi-
qəlbdən salamlayıram. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv
olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi
potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində
əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat
çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Bir neçə gün öncə Şuşa
şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm.
Siz olduqca əlamətdar və tarixi dövrdə Azərbaycana gəlmisiniz. Xalqımız Azərbaycanın
suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra
ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması
beynəlxalq hüququn və ədalətin təntənəsidir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh
təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll
edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və
Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada
irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib
infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə
verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa
çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana
təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz
təzahürü kimi qiymətləndiririk.”
Azərbaycan Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik
maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici
siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və
geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.
Orxan Mikayılov,
Sabirabad rayon, Ulacalı kənd sakini