isaznow.com
Az Iw En Ru

Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir

Oktyabrın 10-da ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycanın İqtisadi
Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci
iclası keçirilib. Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu
kimi  nüfuzlu tədbirlərin keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir.
İlk növbədə qeyd edilməlidir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və
təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng
iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində
əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat
çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan əməkdaşlığa
açıq ölkədir. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də bu baxımdan
əlamətdar hadisədir.
Tədbirin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.  Müraciətdə
postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin
ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq
müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl
addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”
zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl
keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən
təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT
Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya,
“yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Daha sonra milli səviyyədə çıxış edən nazir ölkəmizin İƏT-ə sədrliyi dövründə təşkilatın digər
regional və beynəlxalq platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən
təşəbbüsləri qeyd edib. Ölkəmizin müxtəlif sahələr üzrə əməkdaşlığın gücləndirilməsində maraqlı
olduğu, bu xüsusda Təşkilatın ixtisaslaşdırılmış iki qurumuna – İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat
Mərkəzinə ev sahibliyi etməsinin müvafiq sahələr üzrə əməkdaşlığa verilən töhfənin göstəricisi
olduğu bildirilib.
44 günlük Vətən müharibəsindəki şanlı Qələbə və daha sonra bu ilin sentyabrında 19-da
keçirilən lokal xarakterli antiterror tədbirləri əticəsində əldə edilən uğurlan nəticəsində Azərbaycan
xalqı ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Qazanılan qələbə nəticəsində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan
qaldırılması, separatizmə son qoyulması sözün əsl mənasında beynəlxalq hüququn və ədalətin
təntənəsi oldu.
Azərbaycan hər zaman sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
Tədbirdə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış
edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.
Qeyd edilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh
müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi
üçün tarixi şərait yaranmışdır. Bu tarixi fütsətdən Ermənitan istifadə etməlidir.
44 günlük Vətən müharibəindəki Qələbədən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi
ilə Ermənistanın işğalından azad edilən əzəli torpaqlarımızda  genişmiqyaslı  bərpa-quruculuq işlərinə
başlanılıb. İşğaldan azad edilən şəhərlərin baş planları təsdiq edilib. Burada regionun beynəlxalq
statusunu artıran layihələr həyata keçirilir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə
vacib infrastruktur layihələri həyata keçirilib, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə
verilib. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Bu ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində bizə dost və qardaş olan Özbəkistan
və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama
işləri aparılır. Bu daölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz
təzahürüdür.
Qeyd edilib ki, 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri
əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən islam dininə aid bütün abidələrə qəsdən vurulmuş

ziyandır. Bu dövr ərzində bu ərazilərdə mövcud 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan
məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha
bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir.
Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması
deməkdir.
Hazırda işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramı ölkəmizin Milli
prioritetləri sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli
şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100
minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Erməni işğalından azad edilən ərazılərdə həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin
ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru


08:21 13.10.2023