

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində
oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
İclasın əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, Azərbaycan İqtisadi
Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi
əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region
ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli
imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin
tərəfdarıdır.
Həmçinin müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz
əksini tapıb. “2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra
burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib
infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə
verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa
çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana
təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz
təzahürü kimi qiymətləndiririk”.
Dövlət başçısı ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı
bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə
bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. “Azərbaycanın İƏT-də sədrlik mövzusunun
“Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb
edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf
gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi
Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyasına uyğun olaraq həyata keçirilir”.
Müraciətdə Azərbaycanın etibarlı tranzit ölkəsiolduğu da vurğulanıb: “Bizim nəqliyyat-
logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara
tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1
milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi
vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun
çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub
Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
Sonda bu iclasın ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni
əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün
əhəmiyyətli platforma olacağı, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə
verəcəyi diqqətə çatdırılmışdır.
Jalə Sadıqova,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi